Canavarların insanlara və təsərrüfatlara hücum etməsi barədə məlumatlar vaxtaşırı mətbuata çıxır. Quraqlıq və qıtlıq zamanlarda vəhşilərin cəsarətə gəldiyi sirr deyil. Amma hazırkı qanunvericilik Azərbaycanda bəzi vəhşi heyvanların, o cümlədən canavar və çaqqalların ovlanmasını yasaqlayıb.
Qadağandır, amma ovlamaq da olar...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyevin sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların ovlanması qanunvericiliklə tənzimlənir: “Kim ov etmək istəyirsə, ov mövsümündə rayon ekologiya idarələrinə müraciət edərək lisenziya alır. Bu il bəzi quşların ovu tamamilə qadağan olundu. Canavar və çaqqalların ovlanması da qanunla qadağandır.
Canavar ovuna o halda icazə verilir ki, insana hücum çəkib təsərrüfata ziyan vursun. Əgər belə hallar varsa, nazirliyin yerli ekologiya idarələrinə müraciət edilməlidir. Həmin idarələr həvəskar ovçular qrupu yaradaraq təsərrüfata və ya insanlara ziyan vurmuş canavarı ovlamaq göstərişi verir. Həmin heyvanın quduz olub-olmamasını müəyyən etmək üçün qrupa rayondan baytar həkim də daxil edilir".
Nazirlik rəsmisi təmsil etdiyi qurumun mütəmadi maarifləndirmə tədbirləri apardığını da vurğuladı: “İnsanlar qanunsuz ov etdikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 1000-2000 manat arası cərimə olunurlar. Canavar ovuna görə isə bu məbləğ 2000 manatdan yüksəkdir.
Qanunsuz ova görə maarifləndirmə tədbirləri intensiv şəkildə aparılır. Nazirliyimiz müxtəlif vasitələrlə cəmiyyətdə qanunsuz ovçuluğun düzgün olmadığı və buna qarşı mübarizənin haqlı olaraq aparıldığını aşılamağa çalışır. Bu halda qalır üçüncü variant - qanunsuz ov etməklə bərabər, bunun qarşısını almağa çalışan dövlət məmuruna müqavimət göstərən şəxsin davranışının qeyri-qənaətbəxş olması. Həmin ovçu bilir ki, qanunu pozub, inzibati xəta törədib, amma düşünür ki, silahını təhvil verməməklə, yaxud şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməməklə məsuliyyətdən yayına bilər. Bu cür yanaşma insanın öz şüur səviyyəsinin aşağı olmasından irəli gəlir".
Quduz vəhşilər
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyir ki, Ekologiya Nazirliyi müraciət elədikdə vəhşi heyvanlardan quduzluğa qarşı nünmunələr götürülərək yoxlanır: “Ötən il ərzində respublika üzrə 38 nümunədən 24-də quduzluq xəstəliyinin daşıyıcısı aşkarlanıb. 2013-cu ildə 46 nümunədən 31-də quduzluq xəstəliyi müəyyənləşdirilmişdi. Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan götürülüb.
İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasındadır. Belə görünür ki, 2013-cu ilə nisbətən ötən il heyvanlarda quduzluq xəstəliyi daşıyıcısının aşkarlanması azalıb. 49 nümunədən 31-də quduzluq xəstəliyi tapılıb. Güman edirik ki, azalma bu il də davam edəcək “.
Yolçu Xanvəlinin sözlərinə görə, Azərbaycanda ev heyvanların quduzluğa qarşı vaksinasiyası davam etdirilir: “Azərbaycanda 2014-cu ildə 249 min 630 baş sahibli və qeydiyyatda olan heyvanda quduzluq xəstəliyinə görə vaksinasiyası aparılıb. Bu il 250 mindən çox heyvanda vaksinasiya aparılması nəzərdə tutulub. Bu xəstəlik tək bizim ölkədə deyil, dünyanın əksər ölkələrində qeydə alınır. Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı tərəfindən ayrı-ayrı ölkələrin baytarlıq xidmətləri ilə əlaqə saxlanılır və lazımi məlumatlar vaxtı-vaxtında onlara çatdırılır”.
Yolçu Xanvəli qeyd etdi ki, heyvanlarda quduzluq xəstəliyi əsasən Balakəndə, Şəkidə, erməni işğalı altında olan ərazilərdə daha çox müşahidə olunur.
Ac canavarlar
“Canlı aləmin mühafizəsi” İctimai Birliyi Alyansının sədri Mənsurə Rəsulova hesab edir ki, insanlar təbiətdəki canlılara qarşı daha böyük diqqət göstərməlidirlər. Onları öldürmək, ovlamaq qanunla tamam qadağan olunmalıdır: “Canavarların insan və təsərrüfatlara hücum etməsinin səbəbi biz insanların onlarla qaba davranışımıza cavabdır. İnsanlar köhnə dədə-baba silahlarını əllərinə alıb sağlam heyvanları da bir ucdan qırırlar. Vəhşi təbiətə məxsus canlıların axırına çıxdıqlarının fərqinə varmırlar.
Fikrimcə, vəhşilərin, o cümlədən canavarların hücumunda məsuliyyəti insanlar daşıyır. Bu baxımdan insanlar heyvanlardan kompromis ummasınlar. Heyvanın vəhşiliyi onun təbiətindən irəli gəlir. O da özünə qida tapmalıdır. Vəhşi heyvanın ac qalmasının məsuliyyəti insanın üzərinə düşür".
Mənsurə Rəsulova bildirdi ki, şəhərlərdən meşələrə ov dalınca getmək adətinin qarşısı alınmalıdır: “Meşələri 50 il bundan sonra üçün qorunmaq gərəkdir. Məlum olduğu kimi, meşələrdə canlıların balansı pozulub. Bir çox insanlarsa, xüsusən, şəhər adamları meşələrə təkcə istirahətə yox, həm də qan tökməyə gedirlər. Vəhşi təbiətlə belə rəftar cavab tədbirinin görülməsi ilə nəticələnir.
Bu gün canavarların meşələrdən çıxıb kəndlərə hücum etməsinin bir səbəbi də odur ki, insanlar onların qidalanmasını məhdudlaşdırıblar. Əvvəllər fermer təsərrüfatında ölmüş heyvanın cəsədlərini meşəyə atırdılar ki, canavarlar onlarla qidalansın. Bütün bunlar kompleks halında həyata keçirilirdi.
Digər tərəfdən, insanlar meşələrə daha yaxın yaşamağa səy göstərirlər. Əslində insanlara meşə yaxınlığında yaşamaq və ya meşəyə daxil olmaq yasaqlanmalıdır. Bütün bunlar vəhşi heyvanların yaşayışına mənfi təsir göstərir".
Heyvanların qidası balanslaşdırılmalıdır
Mənsurə Rəsulovanın sözlərinə görə, bütün bunların qarşısını almaq üçün insanlar ilk növbədə maarifləndirilməlidirlər: “İnsanlar meşəyə yalnız özlərininki kimi baxmalı deyillər. Təbiəti vəhşi heyvanlarla bölüşməyin vaxtı çoxdan çatıb. Vəhşi təbiətin və canlıların qayğısına qalmağı da düşünməliyik. Onların kökünü kəsməklə zərərsizləşdirmək düşüncəsindən xilas olmalıyıq. Vəhşi heyvanların, o cümlədən canavarların qidasını təmin etmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilk vəzifəsi heyvanların qida məhsullarını balanslaşdırmaqdır".
Qeyd edək ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi reydlər keçirir.
İlhamə Əbülfət