2 Noyabr 2023 14:37
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Tibb Mərkəzinin tabeçiliyində olan müəssisələrdə fəaliyyət göstərən psixoloqlarla “Baş vermiş fövqəladə halların nəicələrinin aradan qaldırılması zamanı psixoloji xidmətlərin təşkili” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov, FHN Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəis müavini polkovnik-leytenant Elnar Məmmədov, FHN-in yerli qurumlarının, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Tibb Mərkəzinin tabeçiliyində olan müəssisələrdən 148 nəfər psixoloq iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, Dahi Rəhbərin xatirəsini ehtiramla yad ediblər. Eləcə də Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev baş vermiş fövqəladə hadisələr zamanı psixoloqların zərərçəkmişlərə ilkin psixoloji yardımın göstərilməsinin əhəmiyyətini vurğulayaraq, təhsil və səhiyyə müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin psixoloqlarının qarşılıqlı fəaliyyət göstərmələrinin səmərəli olduğunu bildirib.

Sonra konfrasda çıxış edənlər fövqəladə hadisələr zamanı zərərçəkmiş şəxslərdə kəskin stress əlamətlərinin azaldılması məqsədilə ilkin psixoloji yardımın göstərilmə qaydalarından bəhs edib, müxtəlif xarakterli qəza-xilasetmə işləri zamanı zərərçəkmişlərə və onların yaxınlarına mənəvi dəstəyin göstərilməsinin vacibliyindən danışıblar.

Daha sonra konfrasda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarından dəvət olunan ixtisaslaşmış psixoloqlar tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi. Kəskin stress reaksiyaları”, “Fövqəladə hallar zamanı kütlə davranışının psixoloji xüsusiyyətləri, neqativ kütlə reaksiyaları. Kütlənin növləri və idarə edilmə qaydaları”, “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” və “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları. Təşviş pozuntuları zamanı psixoloji yardımın xüsusiyyətləri” mövzularında çıxışlar edilib.

Həmçinin, tədbir zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında videoslayd nümayiş olunub.

Sonda Sumqayıt Regional Mərkəzi tərəfindən keçirilmiş kurslarda iştirak edən psixoloqlara şəhadətnamələr təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər