Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında birgə xüsusi təlim keçirib.
Teleqraf.com xəbər verir ki, təlim “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalında baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlim ssenarisinə uyğun olaraq, Bakı Dəmiryol Vağzalında paytaxt ərazisində baş vermiş şərti zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatının əməliyyat simulyasiyası edilib.
Belə ki, Bakı şəhəri ərazisində baş vermiş şərti zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən 2 yanğınsöndürən qatar və müvafiq nəqliyyat vasitələri cəlb olunub.
Daha sonra Bakı Regional Mərkəzinin xilasedicilərinin şərti olaraq axtarış-xilasetmə tədbirlərində iştirak etmək üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı Vağzalın personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.