Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının (MMQ) rəhbər şəxsləri, Vətən müharibəsi iştirakçıları, qaziləri və MMQ-nin şəxsi heyəti iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mülki müdafiə qoşunları komandanının müavini – Qərargah rəisi, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı general-leytenant Azad Ələkbərov rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb. Natiq 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, eyni zamanda dövlət suverenliyinin tam bərpa edilməsi ilə yekunlaşmış lokal xarakterli antiterror tədbirlərindən bəhs edib, qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik edib.
Daha sonra tədbirdə çıxış edən Qarabağ müharibəsi qaziləri və iştirakçıları 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüblər. Çıxış edənlər ümumilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, bədii qiraətçi Murad Həsənxanlı xalqımızın hərb tarixindən, döyüş ənənələrindən bəhs edib, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirin rəsmi hissəsindən sonra Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim edilib, qəhrəmanlarımıza həsr olunan “Qəhrəmanlıq Elegiyası” adlı klipin təqdimatı keçirilib.
Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.