8 Noyabr 2023 20:58
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzulidə 8 Noyabr- Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Zəfər Günü tədbiri Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Füzulidə məskunlaşan ailələr və məktəbin kollektivi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Bəşir Hacıyev, şəhid bacısı Könül Məmmədova, qazi Vüsal Cümşüdzadə çıxış edərək, əldə olunan parlaq Qələbədən danışıblar. Qeyd edilib ki Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız 44 gündə azad edilib və ərazi bütövlüyümüz təmin olunub. Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad olunan digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da həyat canlanmağa başlayıb və bu günlər Füzuli sakinləri üçün gələcək firavan həyatın başlanğıcıdır.

Daha sonra Zəfər Gününə həsr olunmuş video nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra konsert olub, xanəndələrin vətənpərvər ruhlu ifaları dinlənilib.

Sonda bayram tədbiri atəşfəşanlıqla başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər