Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Böyük öndərin yaxın silahdaşlarından olan Əhməd bəy Ağaoğlu müxtəlif dövrlərdə qələmə aldığı məqalələrində Mustafa Kamal paşa və milli mücadilə dövrü haqqında maraqlı bilgilər verib.
Ömrünün son dövrlərində “İkdam” qəzetində qələmə aldığı “Tək bir nəfər kimi!” adlı yazısında da Əhməd bəy vaxtilə İrşad heyətinin üzvü kimi Anadoluda dolaşarkən onu təsirləndirən bir hadisədən bəhs edib.
Müharibə günlərində türk anasının hansı əhval-ruhiyyədə olduğunu bilməyimiz üçün həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Əhməd Ağaoğlu
Tək bir nəfər kimi!
Bütün türk milləti gözətçi nəfəri kimi gözləri üfiqdə, əlləri tətikdə gözləməlidir.
O, uzun, saya və ölçüyəgəlməz tarixi boyunca həyatın hər növ cilvələrini görmüş, dadmışdır.
Bir ucu Çinin divarlarına, ötəki ucu bugünkü Macarıstan çöllərinə qədər uzanmış imperatorluqlar qurmuşdur.
Millətlər, tayfalar idarə etmiş, saysız-hesabsız, yüzillərlə davam edən salib cəngləri kimi hərblər aparmışdır. Elə anlar olmuşdur ki, fəlakət fəlakət üstünə gəlmiş, xəyanət çəmbərləri ilə əhatə olunmuş, yıxılmış, silinmiş, fəqət yenə özünü qeyb etməmiş, qədər və qismətə belə qarşı çıxmaq qüdrətini, iradəsini göstərmişdir.
Tarixdəki bu qədər cilvələri arasında varlığın və yoxluğun bir oyun olduğunu təcrübə ilə anlamış olan bu millət həyatın həqarət və zillətlə yaşamağa dəyməz bir şey olduğuna çoxdan hökm vermişdir və milli şərəf yolunda ölməyin öz nəfsi üçün qiymətiölçülməz bir nemət olduğuna inanmışdır.
Heç unutmuram. 1920-ci ilin sonları idi. Bir neçə yoldaşla birgə Anadolunu dolaşmağa, konfranslar verməyə çıxmışdıq. Əşyamızı bir arabaya yükləmiş, özümüz də piyada yürüyürdük. İyul ayı idi. Olduqca isti idi. Hərarət və susuzluq dözülməz dərəcəyə varmışdı. Ta yuxarıda qayalıq bir dağın təpəsində yaşıllıq və evlər gördük. Arabaçıya dedim: “Oraya gedə bilərik? Araba bizi apararmı?”
“Öküzün varacağı yerə araba da gedər!” dedi və həqiqətən, türkə əsrlərcə yoldaşlıq etmiş bu mübarək araba doxsan dərəcəlik bükümlər edər və heç umulmayan yerlərdən keçər.
Kəndə gəldik. Yırtıqlar içində olan bir xeyli uşaq dərhal ətrafımızı sardı. Gözəl bir su axır, ötəki tərəfdə də kənd evləri görünürdü.
Bir az sonra ixtiyar bir qadın əl ağacından tuta-tuta biz qədər gəldi. “Xoş gəldin, övladım!” dedi. Cavabımızı gözləmədən “Nə var, nə yox, yeni nə xəbər var?” deyə soruşdu. “Hər şey yerində! İnşallah, yaxında düşmənin başı əziləcək!” dedim.
“Hay Allah razı olsun. Yoxsa bir neçə şey eşitmişdik. Qəlbimiz qırılmışdı. Mən demədimmi, ay qız Fatma (uşaqlar arasındakı ən yaşlı qıza xitab edərək) Allah buna razı olmaz”.
- Nəyə razı olmaz, ana?
- Bu qədər yetimlərin kafir əlində qalmasına!
- Bunların hamısı yetimdirmi?
- Hamısı yetimdir!
- Ataları haradadırlar?
- Bir çoxları Çanaqqalada öldülər, qalanları da ordudadırlar!
- Sənin övladın varmı?
- İki oğlum vardı. Birini Çanaqqalada itirdim, biri də indi ordudadır.
- İnşallah, qazi olaraq gələr, səni bəxtiyar edər.
- Mən nə özümü, nə də oğlumu düşünürəm, övladım. Mən bu uşaqları, bu yurdu düşünürəm. Bunları Allah düşmən ayağı altına saldırtmasın.
- Kənddə kişi varmı?
- Xeyr, nə kənddə var, nə də tarlada. Kişilərimiz gördüyün bu uşaqlar arasındakılardır. Kəndin bütün işlərini qadınlar görürlər. Bəziləri evdə qalıb uşaqlara və heyvanlara baxırlar, bəziləri tarlada çalışırlar, bəziləri də otlaqdadırlar.
- İnşallah, yaxında düşmənin başı əzilər və bütün bu zəhmətlər sona çatar.
- Bəli, bəli! Allah var göydə. O, yuxarıdan baxmırmı? Hər kəsin ürəyinə görə vermirmi? Əlbəttə ki, O, bizim intiqamımızı alar və bu yurdu, bu uşaqları düşmən ayaqları altında çeynətməz.
Budur, bir oğlu şəhid olan, bir oğlu da cəbhədə olan yetmiş beşlik bir türk anasının ən dar və sıxıntılı zamanlarda düşündükləri. Onun əndişəsi özü, öz övladı deyildi, yurd və bu yurdun uşaqları idi. O, yekun zəfərə də inanmışdır. Çünki haqqın və Allahın özü ilə olduğuna və ona görə də zəfərin də özü ilə olacağına qanedir.
Atatürk “Tək başına qalsam belə məmləkətin son qayası üzərinə çıxar, oradan mücahədə edərəm” məalında sözlər söyləyərkən pafoslu danışmırdı, Anadolu türkünün türküsünü oxuyurdu.
Bu gün yenə hər türk hər düşüncəni, hər əndişəni bir tərəfə buraxmış və ötəki türklər ilə omuz-omuza, diz-dizə verərək eyni türkünü hər an sürətlənən bir hiddətlə mırıldanmaqdadır.
“İkdam”, sayı 87, 11 aprel 1939