Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il noyabrın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
Bu barədə Teleqraf.com-a DİM-dən bildirilib.
Dövlət qulluğuna qəbul imtahanı
İnzibati rəhbər vəzifələrə aid olan AB, AC imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilib. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 73 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 11 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 31 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
Bu imtahanda 109 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 2, AB2 altqrupu üzrə 3, AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 4, AC2 altqrupu üzrə 4, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 7, BA2 altqrupu üzrə 26, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 92 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.