2024-cü ilin büdcəsi ölkəmizdə həyata keçirilən siyasətin bariz nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, büdcədə iki mühüm məsələ öz əksini tapıb: “Bu, təhlükəsizlik, müdafiə və azad edilmiş ərazilərlə bağlıdır. Eyni zamanda regionların inkişafına dair mühüm addımlar atılır. Bununla yanaşı bələdiyyələrə verilən subsidiyaların artırılması da yaxşı haldır. Amma bu vəsaitlərə ciddi nəzarət edilməlidir.
Deputat bildirib ki, bu gün insanların bölgələrdə qalıb çalışması üçün zəruri addımlar atılmalıdır: “Regionlarda ipoteka kreditlərinə əlçatanlıq təmin olunmalıdır. Həmçinin güzəştli mənzilərin tikintisi ilə bağlı məsələlərə yenidən baxmaq lazımdır. Regionlarda bu tip mənzilərin tikintisi stimullaşdırılmalıdır”.
Siyavuş Novruzov qeydiyyatsız evlərlə bağlı məsələyə toxunub: "Qeydiyyatsız evlərlə bağlı heç bir addım atılmır. Bununla bağlı BMT-nin qərar çıxarmasını gözləmək lazımdır?... Bunu etmək əvəzinə qeydiyyatsız evlərdən vətəndaşı qeydiyyatdan çıxarıb onu dövlətdən narazı salırlar. Həmçinin müharibə veteranlarına verilən 80 manatlıq müavinətin artırılması ilə bağlı hökumət üzvlərindən xahiş edirəm”.