Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının mədəniyyət naziri Məhmət Nuri Ersoyla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə türkiyəli nazirə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada il ərzində həyata keçirilmiş beynəlxalq mədəniyyət tədbirləri, bu tədbirlərin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığına verdiyi töhfə xüsusi qeyd olunub.
Görüşdə Azərbaycanın ən gözəl bölgələrindən olan Şuşada turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Turizm infrastrukturunun genişlənləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması mövzusuna toxunulub və Türkiyənin uğurlu turizm təcrübəsinin tətbiq olunması imkanları müzakirə olunub.