14 Noyabr 2023 13:56
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,7 faiz təşkil edib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,5 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər