14 Noyabr 2023 16:31
40 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dövləti öz tarixinin ən şərəfli, ən qüdrətli dövrünü yaşayır. İndi ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Azad Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələri İcra olunur, həyat yenidən canlanır. Cənab Prezidentin tapşırığı ilə 2018-ci ildən başlanan dərin sosial islahatlar uğurla davam etməkdədir. Bu vaxta qədər 6,8 milyard manat illik büdcəsi olan 4 islahatlar zərfi qəbul olunub və həyata keçirilir. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşmiş və güclənib. Aparılan islahatlar nəticəsində 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya 2.1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2.1 dəfə, əmək haqqı fondu 2.6 dəfə artmış, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, müzakirəyə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutaraq tərtib edilib:

“Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur. Fondun gəlirlərinin 5 mlrd. 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir. Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.

2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır.

Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək”.

Deputat bildirib ki, əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür:

“Əhaliyə ödənişlərin 2024-cü il üçün nəzərdə tutulmuş proqnozu 2023-cü ilin təsdiqlənmiş proqnozundan 604 milyon manat, yaxud 10% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır.

Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq - 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq - 454 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək. Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi (45 milyon manat), eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri (33,5 milyon manat) ümumilikdə 78,5 milyon manat məbləğində proqnozlaşdırılır. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və vətəndaş məmnunluğu 98,2 faizdir. Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaçıların sosial rifahının qorunması məqsədilə cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis edilmiş əmək pensiyaçılarına ödənilən maddi yardımlar 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib”.

Komitə sədri hesab edir ki, 2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6%, yaxud 11,2 milyon manat çoxdur: “Büdcənin xərclər hissəsində sair xərclər olaraq nəzərdə tutulmuş vəsaitin məbləği Azərbaycan Respublikası Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla ilk dəfə olaraq dövlət sosial müdafiə fondu büdcəsində xərc istiqaməti kimi nəzərdə tutulub.

Qeyd etmək istərdim ki, cari il ərzində Fondun investsiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə müvafiq normativ-hüquqi baza formalaşdırılmış və cari ilin əvvəlinə Fondun formalaşmış olan 1.050 mln. manat sərbəst vəsaitinin investisiya yönəldilməsi təmin edilib.

DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığının daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin təkliflərini hörmətli millət vəkillərinin və hökumət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim: Həssas qrupdan olan insanların maddi rifah halının yaxılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq, habelə onların tibbi-sosial reabilitasiyasının və sanator-kurort müalicəsinin davamlı və keyfiyyətli təşkil edilməsi məqsədilə sosial ödənişlərin mütəmadi artırılması; Fondun büdcə layihəsinin vahid büdcə təsnifatına uyğun tərtib edilməsi məqsədilə vahid büdcə təsnifatının təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;

Pensiya sistemi üzrə sığorta prinsiplərinin, habelə elektron innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər