Azərbaycanda səfərdə olan Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Sonra özbəkistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olublar. Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev institutun fəaliyyəti barədə məlumat verib.
Səfər çərçivəsində qonaqlar, həmçinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda da olublar.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksi ziyarət edilib, gül dəstələri düzülüb.
Özbəkistan nümayəndə heyəti institutun ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.