Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, 25 il əvvəl bacı və qardaşlarımız Azərbaycanın dövlət müstəqilliynə nail olması üçün canlarından keçiblər. Onun sözlərinə görə, nəinki 20 Yanvar, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı müasir gənclik üçün örnəkdir: “Milli və mənəvi dəyərlərimizin mühafizə olunmasında, gənc nəslə çatdırılmasında dövlətimizlə yanaşı, mənəviyyat adamları, ziyalılar da əlindən gələni etməlidir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Erarslan şəhidlik məktəbindən danışaraq deyib ki, 20 Yanvar şəhidləri də Qurani-Kərimdə qeyd edildiyi kimi ölməyib. Onun sözlərinə görə, indi cəbhə xəttində Vətəni müdafiə edən qəhrəmanların sayəsində tezliklə Qarabağ torpaqları işğaldan azad ediləcək və şəhidlərimiz Şuşada, Xankəndində anılacaq.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Amil Cavadov, Qarabağ Qaziləri İctimai Birliyinin sədri, Etimad Əsədov, tarixçi alim Dilavər Əzimli və digərləri bu kimi tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda 20 Yanvar, o cümlədən bütün şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.
BƏXTİYAR