2023-cü ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən voleybol üzrə ordu birinciliyi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandalara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən birincilikdə ümumilikdə 7 komanda mübarizə aparıb.
Yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi İnstitutun komandası qalib gələrək birinciliyin kubokunu qazanıb. Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Sonda qalib komandalara diplom, kubok və medallar təqdim olunub, xatirə şəkli çəkdirilib