Sosial şəbəkələrdə məktəblilər arasında qızılca və su çiçəyinin yayılması barədə mütəmadi məlumatlar paylaşılır. Bəzi istifadəçilər rayon məktəblərinin birində şagirdlərin Hepatit A virusuna yoluxması halının qeydə alındığını yazıb.
Pediatr Vaqif Qarayev Teleqraf.com-a bildirib ki, təşviş yaratmadan məktəblilər arasında Hepatit A virusunun yayıldığını demək olar.
Həkim yoluxmanın səbəbini çirkli qida məhsullarında görür: “Adətən Hepatit A çirkli əl, çirkli və çiy su, eləcə də gigiyenik qaydalara ciddi əməl etməməkdən yayılır. Virusdan qorunmağın yeganə yolu gigiyenik qaydalara əməl etməkdir. Hepatit A virusunun yüngül simptomları var. Çünki tez ram olunur, ciddi müalicəsi yoxdur. Vaxtında müalicəyə başlayanda ağırlaşma əlamətləri olmur.
Əgər bir su şəbəkəsi bu virusla çirklənibsə, o sudan istifadə edən əhali yoluxacaq, Bakı və ya digər ərazilərdə yaşayan insanlar yoluxmayacaq. Yəni lokal xarakterlidir, virusun ölkə boyu yayılma ehtimalı yoxdur. Tövsiyə edirəm ki, şagirdlər məktəbdən heç nə alıb yeməsin. Analar uşaqların qidalanma çantasına evdə hazırlanmış qidalar qoymalıdır.
Hepatitin digər növləri – B, C çox təhlükəlidir. Uşaq doğulan kimi bu viruslara qarşı peyvənd vurulur”.
Vaqif Qarayev qızılca virusunun ram olunduğuna diqqət çəkib: “Pandemiya dövründə dünyada vaksin əleyhinə böyük bir "ordu" yarandı. Heç bir elmi mənbəyə, hansısa alimin araşdırmasına əsaslanmadan peyvənd əleyhinə kampaniya aparırlar. Sosial şəbəkələrdə təbliğ edirlər ki, guya peyvənd intellekti zəiflədir, əlil edir və sair. Amma dünyada bir məhkəmə faktı yoxdur ki, biz həkimlər də peyvəndi iqnor edək. Sadəcə araqarışdıran boş-boş qalmaqallı sözlər var.
Qızılcadan qorunmağın yeganə yolu peyvənddir. Peyvənd uşaqlara 1 və 6 yaşında vurulur. İndi təşvişə düşməkdənsə, zəhmət çəkib peyvənd vurdursunlar. Hansı valideyn uşağına peyvənd vurdurubsa, onlar çox sakitdirlər. Peyvənd olunan uşaqların virusa yoluxma ehtimalı həddindən artıq aşağıdır. Yoluxsa belə, buna elmi dildə peyvənd olunmuş qızılca deyirlər, son dərəcə yüngül keçir. Amma qızılcanın pnevmoniya, meningit kimi son dərəcə ağırlaşmış formaları da var. Hətta uşaqları kor edə bilir. Tibb ictimaiyyətinin qorxduğu ağırlaşmaların ölümə nəticələnməməsidir.
Təkcə Azərbaycanda yox, Avropada da COVID-dən qabaq qızılca çox yayılmışdı. Təcrid başladı, əlaqələr azaldı, virus söndü. Bundan əlavə biologiyanın qanunudur, güclü virus sirkulyasiya edəndə digərlərin “sıxışdırır”. İzolyasiya vaxtı təkcə qızılca yox, adi qripə də rast gəlmirdik. Elə ki karantin qaydaları yumşaldıldı, mövsümi infeksiyalar baş qaldırdı. Valideynlərə demək istəyirəm ki, peyvənddən çəkinməsinlər.
Göy öskürək, difteriya ən təhlükəli xəstəliklərdir. Valideynlərin imtina etdiyi peyvəndlərdən biri AKDS-lə biz difteriyanın, göy öskürəyin qarşısını alırıq. Çox təəssüf ki, həkimin dediyi qalır kənarda, ara adamlarına inanırlar.
Valideynlərə çağırış edirəm, uşaqlarınıza peyvənd etdirin, xəstəliyin ilkin əlamətləri - qızdırma, burun axıntısı, gözlərin qızartısı, öskürək, 3-4 gündən sonra yaranan səpki görünən kimi mütləq həkimə müraciət etsinlər. Bu cür uşaqları məktəbə, bağçaya buraxmaq düzgün deyil. Bu uşaqlar həkim nəzarətində olmalıdır və tibb müəssisələrində gəzdirilməməlidir, sahə həkimini evə çağırmaq lazımdır”.