2 platforma operatoruna, 1 sifarişli yayım xidməti provayderinə və 1 platforma yayımçısına lisenziya verilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Audiovizual Şuranın bugünkü iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.
Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
Şuranın müvafiq qərarları ilə "Sweet TV Group AZ" MMC-yə (operatorun xidmət adı: "Sweet TV") və "Konnekt" QSC-yə (operatorun xidmət adı: "NNTV") universal platforma operatoru lisenziyaları, "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") sifarişli yayım xidməti provayderi lisenziyası, "Şou Plus Media" MMC-yə (televiziya redaksiyasının adı: "Show Plus TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirib və hazırda fəaliyyət göstərməyən "Startelecom" MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə "Startelecom" MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.