22 Noyabr 2023 14:26
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan insanını düşündürən ən əsas məsələlərdən biri keyfiyyətli tibbi yardım, səhiyyə xidməti və əlçatanlığın təmin olunmasıdır. Bu səbəbdən də keyfiyyətli və əlçatan tibbi yardımın təmin olunması cənab Prezidentin yürütdüyü daxili siyasətin ana xəttini təşkil edir. Onun rəhbərliyi altında digər sahələrdə olduğu kimi, səhiyyə sektorunda da keyfiyyətli tibbi xidmətin təmin olunması məqsədi ilə köklü islahatlar həyata keçirilməkdədir. İcbari tibbi sığortanın (İTS) tətbiqi bunun bariz nümunəsidir. Bu təkcə insanların pulsuz və keyfiyyətli tibbi yardım alması və səhiyyə sahəsində əlçatanlığı təmin etmək deyil, həm də səhiyyənin müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun yeni effektiv idarəetmə sisteminin tətbiqidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən etibarən pilot layihə olaraq həyata keçirilən bu islahat artıq son 3 ildir bütün respublika üzrə tətbiq olunur:

"İcbari tibbi sığortanın tətbiqindən qısa zaman keçsə də, bu sahədə çox ciddi uğurlara imza atılıb. Belə ki, icbari tibbi sığortanın tətbiqi və bu istiqamətdə yaradılan strukturların fəaliyyəti nəticəsində, təkcə insanların keyfiyyətli tibbi xidmət alması baxımdan deyil, eyni zamanda müasir tipli və standartlara cavab verən sağlamlıq ocaqlarının yaradılması, onların ən yeni lazımi tibbi avadanlıqla və yüksək ixtisasli tibb personalı ilə təmin olunması baxımdan da öz müsbət nəticəsini verməkdədir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını, həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına və yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək".

Deputat qeyd edib ki, İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas məsələdir:

"Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. Xidmətlər Zərfi ilə 1334 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları, orqan transplantasiyaları və s. bir sıra digər əməliyyatlar daxildir. Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrdə xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Hazırda Agentlik dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin həyata keçirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın yüksəldilməsi məqsədilə 150 tibb müəssisəsi ilə müqavilə bağlayıb".

Məmmədov əlavə edib ki, bununla vətəndaş ödəniş etmədən özəl klinikalarda da həmin xidmətlərdən yararlana bilir:

"Agentliyin paylaşdığı məlumata əsasən, cari ilin ilk 9 ayı ərzində dövlət tibb müəssisələrinə 4,2 milyon şəxs 16 milyondan çox müraciət edib. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 50 milyondan artıq olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib. Məlumat üçün bildirək ki, əgər keçən il ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdırsa, bu ilin ilk 9 ayı üzrə bu rəqəm 44%-dir. İlin sonuna qədər tibb müəssisələrinə 5 milyondan çox əhalinin müraciəti gözlənilir.Cari ilin 8 ayı (yanvar-avqust) ərzində özəl tibb müəssisələrində vətəndaşlar sığorta çərçivəsində 100 mindən çox tibbi xidmətdən yararlanıb. Agentliyin müqavilə bağladığı özəl klinikalarda əsasən ürək-damar, ümumi cərrahiyyə uroloji, travmatoloji, oftalmoloji, neyrocərrahiyyə, lor, koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları icra olunub".

Millət vəkili həmçinin vurğulayıb ki, icbari tibbi sığorta fondunun vəsaitləri sonsuz deyil:

"Fondun vəsaitinin yalnız 17%-i təqribən 1.7 milyon vətəndaşın ödədiyi sığorta haqları hesabına formalaşır. Qalan əhali üçün bütün səhiyyə xərcləri dövlət büdcəsindən ödənilir. Bununla da bütün vətəndaşlar istisnasız qaydada icbari tibbi sığortanın imkanlarından faydalanmaq hüququ əldə edir və kənarda qalmır. Tibbi xidmətlərin əlçatanlığının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi təqdirəlayiq olsa da əhaliyə etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlərin göstərilməsi üçün dövlət səhiyyə sisteminə aid olan tibb müəssisələrinin rəqabətə davamlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etməlidir. Dövlət bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Bu məqsədlə dövlət büdcəsindən növbəti ildə də icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi məqsədi ilə 1,4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu sahə inkişaf etdikcə Xidmətlər Zərfinə daxil olan tibbi xidmət növləri də artırılacaq. Əgər ilk mərhələdə tibbi xidmət 2500 civarında idisə, indi bu 3000-dən artıqdır və gələcəkdə bu daha da arta bilər.Ən mühüm məsələlərdən biri də səhiyyə orqanlarının konkret funksiyalarla təmin olunmuş səhiyyə qurumları tərəfindən idarə olunması, kənar strukturların müdaxilə edərək prosesləri müxtəlif istiqamətlərə yönəltməsinin qarşısınınqəti şəkildə alınmasıdır.İnanıram ki, bütün bu məsələlər tədricən öz həlli tapacaq".

Deputat sonda qeyd edib ki, Milli Məclis ilk gündən icbari tibbi sığortanın respulbikada daha effektiv və təkmil formada təbiqi məqsədi ilə qanunvercilik bazasının formalaşmasında aktiv rol oynayıb və bunda sonra da qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri addımları atacaq:

"Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq və müasirləşəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər