22 Noyabr 2023 17:28
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsi bütün Azərbaycan ictimaiyyətinin, o cümlədən ölkə rəhbərliyinin diqqətindədir. İran və Azərbaycan arasında bu məsələlərlə bağlı danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Ölkənin baş prokuroru Kamran Əliyevin iranlı həmkarı ilə sentyabrın 14-də Bakıdakı görüşü zamanı Fərid Səfərli ilə bağlı cinayət işi haqqında ciddi müzakirələr aparılıb:

"Bu artıq o deməkdir ki, Azərbaycan hökuməti bu işi xüsusi nəzarətdə saxlayır. Tam məsuliyyətimlə deyə bilərəm ki, bu, Prezidentin də nəzarətindədir. Fəridlə bağlı cəzanın azaldılmaması, yaxud da digər yüngəlləşdirici qərarın qəbul edilməməsi o demək deyil ki, Fərid Azərbaycana təhvil verilməyəcək. İranla Azərbaycan arasında məhkumların ekstradisiyası ilə bağlı müəyyən qanun mövcuddur. İrandan gəlib Azərbaycanda cinayət törədən çox sayda məhkumları qonşu ölkəyə təhvil veririk. Hökm artıq qanun qüvvəyə mindikdən sonra Azərbaycan tərəfi Fəridin qaytarılması ilə bağlı ailə üzvlərinin müraciətini İran tərəfinə təqdim edəcək. Fərid də ailə üzvlərinin bu xahişi ilə razı olduğunu bildirdikdə İran tərəfi Fəridin Azərbaycana verilməsinə qərar verəcək. Çünki dövlətlərarası belə bir razılaşma, müqavilə var. Müqavilə şərtlərinə əməl etmək həm İranın, həm də Azərbaycanın öhdəliyidir. Ona görə nə Fərid, nə də anası ruhdan düşməsin. Yenə məsələyə qayıdıram, Azərbaycanın baş prokurorunun şəxsi nəzarətində olan məsələ, deməli, Azərbaycan Prezidentinin nəzarətindədir. Ümid edirəm, Fərid yaxın aylarda Azərbaycana təhvil veriləcək”.

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları da sözügedən mövzu ilə bağlı prosesləri yaxından izləyir: “O ki qaldı həbsxananın darıxdırıcı olmasına, bu da başadüşüləndir. Yüz minlərlə insan məhkum həyatı yaşayır. Onların hər biri darıxdırıcı həyat tərzi keçirir. Fəridə verilən cəza çox ağır deyil. Daha çox cəza almasına səbəb olacaq maddələr üzərindən götürülüb. Casusluq ittihamı verilsəydi, Fəridin cəzası daha çox olacaqdı. Amma casusluğa cəhd kimi yamaqçı bir ittiham verməklə, İran özünü sığortaladı. Aparılan danışıqlar və Azərbaycan tərəfinin məsələni dövlət səviyyəsinə qaldırması onları daha çirkin niyyətlərindən yayınmağa məcbur etdi. Dilarə xanımın Fəridin buraxılmaması təqdirdə beynəlxalq məhkəmələrə müraciəti məsələsinə gəldikdə isə əvvəlcə o bilməlidir ki, həmin məhkəmələrdə işə baxılma müddəti illərlə çəkir. Güman edirəm ki, Fərid İranın ali rəhbərliyi tərəfindən əfv olunacaq. Bayaq da dediyim kimi, İran vətəndaşları burada cinayət törətsə də, dəfələrlə onların öz ölkəsinə qaytarılmasının şahidi olmuşuq. Fərid Azərbaycan vətəndaşıdır. O, hökm qüvvəyə mindiyi üçün Azərbaycanda cəzasını çəkmək istədiyi ilə bağlı müraciət edə bilər. Azərbaycana təhvil verildikdən bir müddət sonra isə azadlığa buraxılma ehtimalı var. Bu səbəbdən anası Dilarə xanım bir az da səbirli olmalıdır. Biz hüquq müdafiəçiləri Fəridin yaxın bir neçə ayda azadlıqda olacağından ümidliyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər