Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festivalında çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan son 200 illik tarixinin ən möhtəşəm günlərini yaşayır.
Teleqraf.com-un məlumatına görə, rektor qeyd edib ki, Qərbi Azərbaycana qayıdışı ziyalılarımızla başlamaq sevindirici haldır.
"Biz Qərbi Azərbaycanı elm gücü ilə, tarixi ədalətlə, beynəlxalq hüquqla çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Biz Qərbi Azərbaycan elminin, incəsənətinin sönməsinə imkan verməyəcəyik. Bu gün Qərbi Azərbaycandan olan nəsillərin üzvlərinin sayı 5 milyona çatır. Qərbi Azərbaycanla bağlı bu gün kifayət qədər arxiv mənbələri, tarixi faktlar, xəritələr, xarici müəlliflərin əsərləri var. Konqres-festivalda bu mövzuda mühüm məruzələr dinləniləcək", - bildirib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Vətən müharibəsinin nəticəsindən, yaranan yeni reallıqlardan bəhs edib:
"24 dekabr 2022-ci ildə, öz ad günündə cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan icmasını ziyarət etdi, orada proqram xarakterli çıxış etdi. Ali baş komandan qəti və birmənalı şəkildə dəstəyini ifadə etdi, Qərbi Azərbaycana Qayıdış Komsepsiyasının hazırlanması ilə bağlı tapşırıqlar verdi. Prezident qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsi yolunda Ermənistana və onların havadarlarına öz qəti mesajını verdi. Qəbul edilən konsepsiyada qayıdışla bağlı bütün detallar nəzərə alınıb".
Əziz Ələkbərli Qərbi Azərbaycandan deportasiyanın tarixindən bəhs edib, ulu öndər Heydər Əliyevin bu yolda atdığı tarixi addımları sadalayıb, icmanın fəaliyyətindən danışıb: "Biz konsepsiyada qayıdışımızı dinc yolla, ləyaqətli şəkildə, təhlükəsizliyimiz qorunması şərti ilə elan etmişik. Bu gün icmamızın elan etdiyi yeddi sənəd BMT-də müxtəlif dillərdə yer alıb. Biz Ermənistan prezidentini də icmamızla danışıqlara dəvət etmişik. Əmin olun ki, uzaq olmayan gələcəkdə əcdadlarımızın mirası olan yurdumuza qayıdacağıq".
Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festivalında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova soydaşlarımızın illərdir yaşadıqları ərazilərdən ölüm təhlükəsi altında çıxarılmasından bəhs edib.
Prorektor bildirib ki, "onların böyük hissəsi dünyasını dəyişib, amma yenə də bitməmişik, varıq, davam edəcəyik".
Natiq Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşünün onlarda böyük ümid yaratdığını qeyd edib: "Cənab Prezidentin dilindən qayıdışla bağlı fikirləri eşitmək bizə qürur verdi. Mən dilçiyəm, təkcə toponimlərin öyrənilməsi ilə Qərbi Azərbaycanın kimə aid olduğunu sübut edə bilərik".
Mahirə Hüseynova nümunələrlə kənd adlarımızın dəyişdirilməsindən danışıb, bu kəndlərin əhalisinin müxtəlif zamanlarda zor gücü ilə köçürülmələrindən bəhs edib.