30 Noyabr 2023 10:56
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi?"

Teleqraf.com xəbər verir ki,, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə ən böyük töhfədir: "Suveren ölkədə insanların dinc və təhlükəsiz şəkildə yaşaması dövlət tərəfindən təmin edilir. XXI əsrdə insan hüquqları yalnız hüquq və insan məsələsi deyil. 1948-ci ili, yəni deklarasiyanın qəbul edilməsini unutmaq olmaz. Son 75 ildə dünya siyasi xəritəsi köklü dəyişikliyə uğrayıb. İndi dünya birliyi bəyannamənin ildönümündə onun yaranma səbəbini unudur. Bu gün Avropanın bir hissəsində Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki müharibələr bəyannamənin əsas şərtlərinin görməzdən gəlindiyini göstərir. Qərbin öz dəyərlərini necə ayaq altına ataraq sömürgənlik etdiyini hamı görür. Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Əgər eşitmisinizsə, haradadır dəstək bəyanatlarınız? Bəlkə, köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?! "Human Rights Watch" mina terrorundan xəbəri olmadığını deyir, elədirsə, Azərbaycanla bağlı cədvəli necə qəbul edirlər? Qələbəmiz istənilən beynəlxalq indeksdən yuxarıda dayanır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər