Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Avropa Azərbaycan Məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallarla bağlı davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin mütəxəssisləri və təhsil kompleksinin kollektivi iştirak edib.
FHN-in əməkdaşları tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub. Həmçinin, ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə izah edilib.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.