Yazın gəlişi dilənçiləri də “qış yuxusu”ndan oyadıb. Metroda hər stansiyada bir vaqondan digərinə keçən və “uzaqdan idarə olunan” balaca “pulyığanlar”ı hər gün müşahidə edirik. Artıq metrolarda adət etdiyimiz dilənçilər təkcə “yerin altı” ilə kifayətlənmir. Bakıya üz tutan rayon dilənçiləri “Azadlıq” metrostansiyasının çıxışında özlərinə məskən salıb.
Havaların istilənməsi ilə Yevlaxdan gələn qaraçılar Bakı avtobuslarına, parklarına axın edib. Sosial həyatımızın bir parçası olan dilənçilər bir vaxtlar daha çox fala baxmaqla məşğul idisə, indi dilənməyə üstünlük verirlər. Cavanları tora salmaqla “pul qazanan” qaraçıların bu variantına inanan artıq az tapılar. Metrodan çıxan kimi dilənçilər adamların üstünə cumur. Onlara “istədiyini” vermədikdə isə əl çəkmir, insanları yolun sonuna kimi “müşayiət edirlər”. Bütün bunlar isə insanlarda diskomfort yaradır. Metro çıxışlarında həmişə növbə çəkən polislərin isə gözə dəyməməsi və ya gözdən pərdə asmaq üçün dilənçiyə təpinməsi onların əl-qolunu bir az da açır.
Ümid edək ki, metropolitenin yeni rəisi heç olmazsa, metro stansiyalarındakı dilənçilərin “fəaliyyəti”nə son qoyacaq.
Eldar
Fotolar müəllifindir