2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bütöv Azərbaycan ərazisində baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, bu seçkini Zəfər seçkisi də adlandırmaq olar: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün qalib ölkədir. Ulu öndər Heydər Əliyev strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Spiker bildirib ki, növbədənkənar seçkilər dünyada qəbul edilmiş bir taktikadır: "Bu seçkilər regionda yeni bir reallığın olduğunu bir daha təsdiq edəcək".
Sahibə Qafarova vurğulayıb ki, Vətən Müharibəsindən sonra Ermənistanla sülh istiqamətində danışıqlar aparılır.
O qeyd edib ki, artıq sülh sazişinin imzalanması üçün real situasiya yaranıb: "Yaxın zamanlarda Ermənistanla sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər. Ötən gün iki ölkə tərəfindən birgə yayılan məlumat bunu təsdiq etmiş olur".