Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarından xaric edilmiş, məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola bilməyəcək.
Teleqraf.com xəbər verir ki, məsələ bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir.
İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.
Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.
Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.
Məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev fikirlərini bölüşüb:
“Məhkəmələr dövlət adından qərarlar qəbul edirlər. Biz komitə iclasında da bu məsələni geniş müzakirə etdik. Orada mənin qaldırdığım bəzi məsələlər var idi. Həmkarlarım da həmin təkliflərlə çıxış etdilər. Bu ilk növbədə onunla əlaqədardır ki, qanunun adından da göründüyü kimi bu “Arbitraj” haqqında qanundur. Amma qanunun içərisində biz, “Arbitraj məhkəməsi” sözünü işlədirik”.
Millət vəkili əlavə edib ki, məhkəmələr dövlət adından qərarlar qəbul edirlər:
“Məhkəmələrdə də hakimlər ədalət mühakiməsini həyata keçirir. Amma arbitrlər hakim sayılmırlar. Normativ Hüquqi Aktlar haqqında konstitusiya qanununun 54.2-ci maddəsində də qeyd olunur ki, eyni terminlər birmənalı işlədilməlidir, vahid formaya malik olmalıdır. Yəni biz, məhəkəmə deyiriksə konstitusiyada məhkəmə sisteminin dəqiq dairəsi bəlli olur ki, məhkəmə sisteminə hansı strukturlar daxildir. Ona görə də arbitrlər qeyri-kommersiya təşkilatıdır, qeyri-dövlət orqanıdır. Burada məhkəmə sözünü işlətmək yersizidr. Sadəcə olaqraq arbitrajlar kimi qeyd olunmalıdır. Baxdım ki, bu təklif nəzərə alınmayıb. Bundan başqa hakimlər mütləq Azərbaycan respublikasının vətəndaşları olmalıdır. Amma arbitrlərlə bağlı bu təıəb layihədə də öz əksini tapmayıb. Yəni onlar vətəndaşlığı olmayan şəxslər, əcnəbilər də ola bilərlər. Əgər iki sahibkar arasında iqtisai mübahisənin həlli ilə bağlıdırsa, biz, onlara səlahiyyət verməliyik ki, onlar, inandıqları şəxsləri arbitr kimi cəlb etsinlər. Buna görə xaricdən də arbitrlərin Azərbaycana cəlb olunması qanunda öz əksini tapa bilər. Vətəndaşlar xarici arbitraj orqanlarına tutaq ki, Türkiyədə, Rusiyadakı arbitrajlara müraciət edə bilərlər. Yəni onlara bu səlahiyyət verilməlidir. Eyni zamanda xarici ölkə vətəndaşlarının da Azərbaycandakı arbitrajlara müraciət hüququ nəzərdə tutulmalıdır. Məsələyə geniş baxmaq lazımdır. Başqa kiçik normalarla bağlı məsələlərə birinci oxunuş olduğuna görə toxunmuram. Amma, konseptual baxımdan hesab edirəm ki, buna çox böyük ehtyac var idi. Bəzən illərlə məhkəmələrdə süründürməçiliklər davam edirdi. Buna da son qoyulacaq və qanun sahibkarlığın inkişafına töhfə verəcək”.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.