Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə, Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, Dahi Rəhbərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə böyük örnəkdir. 80 illik mənalı həyatında xalqa xidmət yolunda əsrlərə sığmayacaq qədər böyük tarixi işlər görən, Azərbaycan dövlətinin qurulması və sarsılmaz özüllər üzərində bərqərar olması üçün yorulmadan çalışan Ulu Öndərin adı tariximizə qızıl hərflərlə əbədi həkk olunub.
Çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil dövlət yaratmaqla bərabər, onun gələcək onillərə hesablanmış inkişaf strategiyasını müəyyən edib, Azərbaycanın qarşısında duran əsas vəzifələri dəqiq göstərib. Məhz Ulu Öndərin titanik fəaliyyəti, müdrik uzaqgörənliyi və hədsiz Vətən sevgisi sayəsində ötən əsrin 90-cı illərində parçalanmaq, müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna çıxdı.
Ulu Öndərin Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək Lider yetişdirdiyini fəxrlə dilə gətirən natiqlər Dahi Rəhbərin mütərəqqi siyası xəttinin mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyanın ən sabit, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən, regionun lider ölkəsinə çevrildiyini, Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsinin xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi olduğunu bildiriblər. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şərəflə və layiqincə davam etdirdiyi böyük siyasətin məntiqi nəticəsidir.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.