"Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul etdiyi qərar tarixi qərardır. Hesab edirəm ki, bu qərar təkcə partiyamızın deyil, bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı geri qaytararaq xalqımızın ən böyük arzularını gerçəkləşdirdi: "Bu, xalqımıza əvəzolunmaz və bərabəri Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və Azərbaycan dövlətini müzəffər dövlət, Azərbaycan xalqını müzəffər xalq etdi".
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb: "Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.
Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin ölkəmizdə növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncamı tamamilə məntiqli və siyasi qanunauyğunluqdur.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi bir sıra özəlliyi ilə fərqlənir. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə şərəflə dalğalanır.
Bu mənada 7 fevral seçkisi Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın Fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək".
Fatma Yıldırım qeyd edib ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağll qərarı xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir: "Xalqımızın cənab Prezidentə olan sevgisinin, növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında onun gördüyü möhtəşəm işlər, milli maraqlarımızı qətiyyətlə qoruması, xalqın rifahının daim yüksəlməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və digər mühüm amillər dayanır. Tam əminliklə demək olarki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!"