"Bu gün mədəni irsimizin qarşısında çox böyük təhlükələr var. 30 il ərzində ermənilərin işğalı altında qalan 20 faiz ərazilərimizdə olan mədəni irsimiz ermənilər tərəfindən mənimsənilib. Ermənilər o müddət ərzində 15 muzey yaradıblar. Və bizim tarixi-diyarşünaslıq muzeylərimizdən əşyaları götürüb həmin muzeylərə daşıyıb bütün dünyaya erməni irsi kimi təqdim ediblər".
Teleqraf.com xəbər verir ki, bu sözləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov “Mədəni irs” forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ermənilər bizdən daşıdıqları eksponatların üzərinə erməni yazıları həkk edirlər.
"Bu yazı həmin eksponatları erməni konteksinə daxil edir və bununla külli miqdarda mədəni irsimiz dəyişdirilir, saxtalaşdırılır. Bununla yanaşı ermənilər işğal olunmuş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar aparıblar və tapıntıları Xankəndidə muzeyə aparmışdılar. Erməni saytları da həmin tapıntıları erməni irsi kimi təbliğ ediblər. İndi həmin fotoları onlar saytlardan yığışdırırlar ki, bizim əlimizdə faktlar olmasın. Ona görə biz təcili fiksasiya işini sürətləndirməliyik. Həmin faktları toplayıb yerdəyişmiş mədəni irsimizlə bağlı kitab hazırlamalıyıq".