"Müharibədən sonra işğaldan azad olunmuş ərazilərə gedib orda şəkillər çəkməyə başladım. Açığı, indiyə qədər bu cür dağıdılmış ərazi görməmişdim".
Teleqraf.com xəbər verir ki, bu sözləri İşğal və Zəfər muzeylərinin təşkili üzrə kreativ direktor, ekspert Fabrisio Konti "Mədəni irs” forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda azad olunmuş ərazilərdə işğalın qalıqlarını əks etdirən açıq muzeylər qurulur:
"Bu muzeylər format etibarı ilə dağıdılmış irsin acı görüntüsünü saxlayacaq. Məni heyrətə gətirən o idi ki, bu qədər ərazi işğal olunub, amma orda heç kim yaşamayıb. Adətən, insanlar əraziləri işğal edəndə az sonra orada məskunlaşmağa başlayırlar. Amma bu ərazilərdə illərlə insan yaşamayıb. Bu dəhşətli mənzərədi.
Hazırda muzeylərin yaradılması ilə bağlı işlərimiz davam edir. Biz muzey qurmaq üçün çoxlu məlumatlar əldə etməyə çalışırıq, hər şeyi araşdırırıq. Demək olar ki, Qarabağda Romadan daha çox vaxt keçirirəm. Artıq azərbaycanlı olmuşam".