“Azərbaycana növbəti dəfə böyük etimad və inam göstərilib. Gələn il ölkəmiz daha bir böyük beynəlxalq tədbirə evsahibliyi edəcək. Bu barədə artıq müvafiq qərar qəbul edilib. Söhbət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsindən gedir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar bütün dünya ölkələri tərəfindən bir neçə gün bundan əvvəl qəbul edilib. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ölkəmizin gələn il COP29 beynəlxalq konfransına evsahibliyi edəcəyinə münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisi Azərbaycanın son 20 ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinin keçirilməsinə evsahibliyi etdiyini vurğulayıb.
O deyib ki, 2020-ci ildə Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycanın dünya miqyasındakı nüfuzu daha da artıb:
“Qələbədən qısa vaxt keçəndən sonra işğaldan azad edilmiş Şuşa şəhəri və Suqovuşan qəsəbəsi beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirməyiblər. Son illər Azərbaycan dünyada sabit məkan kimi tanınır.
Bundan başqa, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməkdə də zəngin təcrübə qazanıb. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib və növbəti il də təşkilata sədrlik etmək üçün Prezident İlham Əliyevə xahiş məktubu ünvanlayıblar. Mötəbər tədbirlərə uğurlu evsahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində qazanılıb”.
Ç.Qənizadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq deyib ki, bu hadisənin önəmi ondadır ki, qərar antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunub:
“Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğulayaraq deyib ki, bu tədbirin Azərbaycanda keçirilməsində beynəlxalq ictimaiyyətin yekdil mövqeyi olub. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Dövlətimizin başçısı bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin dövlətimizə əsassız ittihamlar irəli sürdüyünü xatırladıb və deyib ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib, eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib.
Azərbaycanın Qələbəsi ilə barışmaq istəməyən Fransa kimi ermənipərəst dövlətlərin qeyri-obyektiv mövqeyi onları beynəlxalq aləmdə siyasi riyakar kimi tandıb. Belə ədalətsiz mövqeyə baxmayaraq, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan da bu vəziyyətlə barışıb. Elə olmasaydı, Ermənistan COP29 konfransının Bakıda keçirilməsinə dəstək verməzdi və öz namizədliyini Azərbaycanın xeyrinə geri götürməzdi. Təəssüf ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar”.
COP29-un dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olduğunu deyən komitə sədri bildirib ki, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən bu tədbir BMT Baş Assambleyasından geri qalmır:
“Tədbirdə iştirak etmək üçün təqribən 70-80 min xarici qonaq ölkəmizə səfər edəcək. Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalmasına baxmayaraq, hazırlıq işləri yüksək səviyyədə aparılacaq və COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha şahid olacaq ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır”.