28 noyabrda Ermənistan prezidenti Vaan Xaçatryan və parlamentin sədri Alen Simonyan Qarabağın “hökuməti, parlamenti və yerli idarətmə orqanlarını” saxlamayacaqlarını bəyan etdilər. Ölkəmizin ərazi bütövlüyünə və sülh danışıqlarına sadiq qaldıqlarını söyləyən, 20 sentyabrda Xankəndində təslim olan qüvvələri hakimiyyət kimi qəbul etməyən Paşinyan hökumətinin belə davranışları təqdirəlayiqdir. Bütün dünya görür ki, son 3 ildə İrəvan parlamentində Azərbaycanın Vətən müharibəsinə işğalçılıq adı verilməyib. Beləliklə, indi ən böyük absurda baxın ki, millətimiz Amerika, Fransa, Almaniya rəhbərlərindən soruşur- siz Ermənistan prezidenti, Baş naziri kimi Qarabağı Azərbaycanın tərkibində açıq mətnlə tanımağa hazırsınızmı?
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, xaricdə Zəfərimizi tanımayan dövlət və siyasətçiləri görəndə adamın Paşinyana hörməti artır: “Avropa Parlamentinin xarici siyasət komitəsinin qeyri-rəsmi layihədə dövlətimizi Qarabağa hərbi təcavüzdə günahlandırması, Amerika Senatının Xankəndi üzrə “təhqiqata başlaması”, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin ardıcıl qərarları, Roma statutu ilə hərbi-siyasi elitamıza təzyiq məhz iki mərkəzdən-Ağ Ev və Yeliseydən idarə olunur. Vaşinqoton Post, BBC və çoxsaylı Qərb mediasının tirajladığı son tezislərsə belədir:
Azərbaycan İrəvana hücuma hazırlaşır. Halbuki ordumuzun Zəngəzur sərhədlərinə yaxınlaşmasına dair bir peyk görüntüsü, kəşfiyyat məlumatı yoxdur, əvəzində ölkəmizi ‘işğalçı” adlandırmaq üçün hər gün yüzlərlə fake nyus yayılır.
- İkincisi, Azərbaycanı insan haqlarının kütləvi pozulduğu ölkə kimi tanıtdırmaqla ermənilərin qayıdışdan sonra təhlükəsizliklərinə təhdidi iddia edib BMT qətnaməsi ilə beynəlmiləl hərbi qüvvələrin süngüsü-NATO-nun zirehi altında ərazilərimizə qoşun yeritməyə zəmin hazırlayırlar. Halbuki Azərbaycan dövləti rəsmən Konstitusiyamızı tanıyan və cinayət törətməyən ermənilərin geri dönüşünə çağırış edib.
- Üçüncüsü, Böyük Qayıdışı əngəlləməyə, xalqımızın doğma torpaqlara dönüşünü qeyri-müqəddəs hadisəyə çevirməyə və nəhayət, Qərbin ölkəmizdə “çirkli pullarını yuyan” USAİD kimi qurumların əliylə Vətən müharibəsində Qələbəni ləkələməyə cəhd edirlər.
Bəli, Xankəndi Zəfəri Qarabağın müstəqilliyini tanıyan dövlətlərə zərbə vurub. İndi keçmiş sovet məkanını və Yaxın Şərqi azadlıq bayrağı ilə nəzarətə götürməyə çalışan, Avrasiyaya üsul-idarə və çevrilişlər ixrac edən Qərbin qanlı demokratiyaları Azərbaycanın bütövlüyünə qarşı döyüşür.
Nəhayət, 25 noyabrda Avstriyanın Die Press nəşrindəki bir məqalədən sitat: müəllif Martin Leydenfrost yazır: “ikinci Qarabağ müharibəsindən sonra 5 dəfə getdiyim İrəvanda kütləvi kədər və məğlubiyyət acısı, daxili təlatüm gördüm, lakin noyabr günlərində milli depressiya ilə üzləşəcəyimi düşünürdüm. İnanılmaz mənzərəydi-hər iki düşərgə Qarabağ yükündən azad olduqları üçün rahat nəfəs alır, əvvəllər “müqəddəs torpaqlar uğrunda vuruşduqlarını” deyən sadə adamlar indi verilən 5000 nəfərlik itkini “əbəs” adlandırırdılar.
Ona görə də sual olunur: Qarabağ ermənilər üçün fəlakət mənbəyidirsə, onda konqreslər, bundestaqlar və senatlar hansı millətin gələcəyi üçün vuruşur?".