Stalinin əmri ilə II Dünya müharibəsi dövründə Əmir Teymurun məzarının açılması, tədqiqatın aparılması, hətta sümüklərinin təyyarə ilə havada dolaşdırılması ilə bağlı müxtəlif rəvayətlər yazılıb, məqalələr qələmə alınıb. Almaniyanın SSRİ-yə hücumunun da bu hadisə ilə bağlı olduğuna, məzarı açanların lənətləndiyinə inanılıb. Çünki hadisələr eyni günə təsadüf edib.
Almanların ildırımsürətli yürüşündən iki ay sonra məşhur türk tarixçisi Zəki Vəlidi Toqan “Çınaraltı” jurnalında bu mövzuda məqalə dərc etdirib.
Professorun Əmir Teymurun məzarının açılması ilə bağlı yazdığı həmin maraqlı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Professor Zəki Vəlidi
Teymurun məzarı
Böyük Teymur Səmərqənddə dəfn olunub. O, özünün doğulduğu yer olan Keşdə (Yaşıl şəhər) basdırılacağını düşünürdü. 18 fevral 1405-ci ildə vəfatından sonra onu o həyatda ikən ölən nəvəsi Məhəmməd Sultan üçün tikdirdiyi türbədə dəfn etdilər. Həmin yer bu hadisədən sonra “Guri-Əmir” kimi adlandırıldı. Teymurun nəvəsi Uluğ bəy bu türbəni bəzədi, dövrün memarlığının şah əsəri halına gətirdi. Sonra özü də orada dəfn edildi.
Türküstandakı Sovet arxeoloqları bu ilin iyununda “Guri-Əmir”də qazıntı edərək böyük cahangirin və oğlanlarının cəsədləri üzərində tədqiqat apardılar. İyunun 18-də Uluğ bəyin məzarı açıldı. Babasının ayağının ucunda dəfn edilmiş bu alim hökmdarın kəmikləri kimi kəfəninin üzərindəki zinətlərin də yaxşı qorunduğu məlum oldu. Uluğ bəyi oğlu Əbdüllətif öldürtmüşdü. Həqiqətən də, o gün Uluğ bəyin qafası cəsədindən ayrılmış halda dəfn edilmiş şəkildə tapıldı. 19 iyunda Teymurun cəsədi üzərindəki üç ton yarım ağırlıqda olan böyük mərmər daş qaldırıldı. Onun altında daha beş təbəqə qalın daş varmış, onları da götürdülər. Teymurun cəsədi ağacdan bir tabutun içərisində tapıldı. Bu tabut qızıl sırma ilə işlənmiş ipək qumaşla örtülmüş imiş. Bu qumaşın işləməli zinətləri və yazıları da birlikdə tapıldı. Tarixdə yazıldığına görə Teymur hündürboy idi və bir ayağı müharibədə qırıldıqdan sonra bərpa edilmiş, fəqət qısa qalmışdı. Bu səbəbdən Teymur topal olmuşdu. 19 iyunda tabut açıldığında Teymurun, həqiqətən də, hündürboy və sağ ayağının bir dəfə qırıldıqdan sonra bərpa edildiyi və sol ayağına nisbətdə qısa qaldığı məlum olmuşdu. Bununla yanaşı Teymurun qəbrinə zamanımıza qədər kimsənin toxunmadığı və tabutun heç açılmadığı da təsdiqlənmişdir. Teymurun cəsədini açmaq arxeoloqlar üçün bir elm məsələsi idi, fəqət yerli Türküstan türkləri üçün bu hadisə bir az başqa məna ifadə etmişdir.
Məlum olduğu kimi Teymur Orta Asiya türklüyü üçün müqəddəs bir şəxsiyyətdir, onun qəbrini açmaq və cəsədinə toxunmaq bu böyük zatın vücudunu beş əsrdən çox bir zaman zərfində davam edən hörmət və ismət pərdəsini yırtmaq deməkdi. Cəsədin açıldığını Tass agentliyi iyunun 20-də elan etdi. Bütün Sovet və cahan mətbuatında bu xəbər iyunun 21-də intişar etdi. Elə bu vaxt, iyunun 22-də almanlar Sovetlərə qarşı müharibə elan etdi. Əcəba, Böyük Teymurun məzarı və cəsədi Misirdə 1922-ci ildə açılan Tutanxamonun məzarı və cəsədindən daha çoxmu uğursuzluq gətirir? Həqiqətən də, Orta Asiya türklüyündə bir əqidə vardır: “Xan süyeği kiyedir” deyərlər. Yəni “Xanların kəmiyi uğursuzluq gətirən bir şeydir”. Bu cəhətdən onların cəsədlərinə heç toxunmazlar, hətta insanlar onlara dəyib bir bəlaya məruz qalmasınlar deyə qəbirlərini əskidən naməlum olaraq saxlayar, yerlə dümdüz edərlər ki, harada olduğu bilinməzdi.
“Çınaraltı”, sayı 2, 16 avqust 1941