25 Dekabr 2023 10:52
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın güneyi” layihəsində üçüncü yazımız 1945-ci ildə qurulan Azərbaycan Milli Hökumətinin himninin tarixi ilə bağlıdır.

***

12 dekabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətinin “Yaşa, yaşa Azərbaycan!” adlı dövlət himninin sözlərinin müəllifi şair Mir Mehdi Etimad, bəstəkarı isə Azərbaycanın xalq artisti Cahangir Cahangirov olub.

Mir Mehdi Məhəmməd oğlu Etimad 1900-cu ildə Təbrizdə doğulub. Molla Yusifin məktəbində dini təhsil alıb, ərəb və fars dillərini öyrənib. Ardınca Mirzə Əbülqasım xanın üsuli-cədid məktəbində oxuyub. Buranı bitirdikdən sonra “Talibiyyə” mədrəsəsində ali təhsilini başa vurub. Təhsilini bitirdikdən sonra Təbrizdə yeni üsullu “Etimad mədrəsəsi”ni açıb. Burada 15 il dərs deyib. Müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olub. Rza şah dönəmində yazdığı “Ayineyi-Əxlaq” kitabı 20, “Bədr-i-Qeyu-Əl-Səbyaiv” və “Mənazeyi-Ədəbi” kitabları isə 8-10 dəfə təkrar çap edilib. Sonralar qələmə aldığı “Əlifbayi-Cədid”, “Gül Qönçəsi”, “Töhfəlül-Səbyaiv”, “Gəlinlər Bəzəyi”, “Çərşənbə Bazarı” əsərləri geniş kütləyə yayılıb. 1941–1946-cı illərdə Cənubi Azərbaycanda dirçələn xalq hərəkatı Etimadın ədəbi yaradıcılığında yeni mərhələ açıb. Bu illərdə Təbrizdə çap olunan “Vətən yolunda”, “Azərbaycan”, “Sitareyi-Azərbaycan”, “Xavəri-no”, “Azad millət”, “Urmiyyə”, “Cövdət”, “Fədai”, “Demokrat”, “Azərbaycan ulduzu” kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib. Qələmə aldığı “Təbrizim” şeri çox sevilib, ona mahnılar bəstələnib. 1945-ci ildə Təbrizdə yaradılan “Şairlər məclisi”nin sədri olub. 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra Təbrizdə həbs olunub. İki il həbsdə qalıb, sonra ümumi əfv zamanı azad edilsə də, Azərbaycandan sürgün edilib, Tehranda yaşamalı olub. 1981-ci ildə orada da vəfat edib.

Xalq artisti Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda doğulub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. 1949-cu ildən başlayaraq Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Layiq olduğu mükafatlar — əməkdar incəsənət xadimi (1958), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950). Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. “Arazın o tayında” poeması, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyası, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələri, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantataları, “Sabir” oratoriyası və digər əsərləri ona geniş şöhrət qazandırıb.

Himn necə yazıldı?

Cahangir Cahangirov 1989-cu ilin aprel ayında “Gənclik” jurnalına verdiyi müsahibəsində himnin yazılması haqqında bəzi maraqlı məlumatlar bölüşüb. Jurnalist Osman Fərmanoğlu ilə söhbətində bəstəkar həmin günləri belə xatırlayıb:

“1945-ci ildə Azərbaycan Milli Demokratik Dövlətinin Mərkəzi Komitəsi Demokrat Partiyasının sürudunu (himnini) yazmaq üçün müsabiqə elan etmişdi. Mən də Mədəni Əlaqələr Cəmiyyəti xətti ilə bir bəstəkar kimi Cənubi Azərbaycana dəvət edilmişdim. Müsabiqədə başqa ölkənin vətəndaşı olduğum üçün hüquqi ixtiyarım olmadan iştirak etdim. Cənubi Azərbaycan şairi Mir Mehdi Etimad sözlərini yazdı, mən musiqi bəstələdim. Şəxsən Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə münsiflər heyəti himni qəbul etdi. İlk dəfə Cənubi Azərbaycanda Dram Teatrının açılışı münasibətilə Xalq Çalğı Alətləri Orkestri (təşkilatçısı mən idim) və özfəaliyyət xoru tərəfindən ifa olundu. Hökumət rəhbərləri məni təbrik etdilər. Həmin 21 Azər günündə Azərbaycan Milli Dövlətinin himni elan edildi. Dövlət bir il yaşasa da, hər il 21 Azər günündə himni ayaq istə durub əzəmətlə oxuyurlar”.

“Pişəvəri dedi ki, oğlum...”

C.Cahangirov Pişəvəri haqqında da xatirələrini bölüşüb:

“Seyid Cəfər Pişəvəri ağıllı adam idi. Yumşaq əhvallı, xoşrəftardı. Üz-gözündən nur tökülürdü. Həm də möhkəm xarakteri vardı, neçə il dustaqxanada yatmışdı. İran şahı tərəfindən əzab-əziyyətlərə düçar edilmişdi. Amma sınmamışdı, əyilməmişdi, fikri, əqidəsi dəyişməmişdi. Mən o təntənəli 21 Azər gecəsində himnin ifa edilməsinə icazə istədim. O, məni dinləyərək dedi ki, oğlum, get çaldır. Sənə müvəffəqiyyətlər arzulayıram. Onu da deyim ki, himnin dirijorluğu da mənim boynuma düşmüşdü. Aparıcı tamaşaçılara müraciət edib dedi ki, Azərbaycan Milli Dövlət Himni ilk dəfə ifa olunacaq. Hamı böyük sevinclə ayağa qalxdı və axıra qədər beləcə himni dinlədilər”.

“Orada gördüklərimin təsirindən ayrıla bilmirdim”

Bəstəkar müsahibəsində 1949-cu ildə yazdığı “Arazın o tayında” simfonik poeması və 1957-ci ildə ərsəyə gətirdiyi “Azad” operasından da bəhs edib:

“Konservatoriyanın dördüncü kursunda oxuyurdum. Cənubi Azərbaycanda gördüyüm hadisələrin təsirindən ayrıla bilmirdim. Elə bu hisslə də “Arazın o tayında” simfonik poemasını yazdım. İlk dəfə Bakıda Bəstəkarlar İttifaqının plenumunda unudulmaz dirijorumuz Niyazi tərəfindən ifa olundu və böyük tamaşaçı rəğbəti ilə qarşılandı. Kosertdə görkəmli bəstəkarlar Şostakoviç, Kobalevski, Pribaltika, Orta Asiya və Zaqafqaziyanın məşhur bəstəkarları da iştirak edirdilər. Bir il sonra əsər SSRİ Bəstəkarlar İttifaqının təqdimatı ilə SSRİ Dövlət mükafatına layiq görüldü. Bir neçə il sonra xalq yazıçısı Mirzə İbrahimovun “Azad qız” povestinin motivləri əsasında “Azad” operasını yazdım”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər