Kəskin respirator virus infeksiyaları əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür.
Teleqraf.com xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
Həkim son zamanlar edilən qızılca xəstəliyi ilə bağlı məsləhətlər verib:
“Qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür.
Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir. Tövsiyə olunur ki, valideynlər uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar. Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə aparılmalıdır”.