"Heydər Əliyevin söz azadlığı və KİV-lərin inkişafı yolunda ilk və ən vacib addımlarından biri 1998-ci ildə mətbuatda senzuranın tam ləğv edilməsi idi. Bu, çox riskli addım idi. O dövrdə ölkəmiz siyasi sarsıntılardan sonra yenicə özünə gəlirdi, müharibə şəraiti idi. Amma onun media sahəsindəki bu addımı, bu qərarı Azərbaycan mətbuatına yeni nəfəs verdi".
Teleqraf.com xəbər verir bu sözləri AZƏRTAC-ın idarə heyətinin sədri Vüqar Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 -cü ildönümünə həsr olunan "Azərbaycan mətbuatının inkişafında Heydər Əliyevin rolu" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv ediməsi də bu sahədə inkişafa aparan olduqca önəmli addım idi və bu, burokratik əngəlləri aradan qaldırdı.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə qeyd edib ki, Heydər Əliyevin mətbuatın inkişafında həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
"Heydər Əliyev mətbuat işçiləri ilə hər zaman yaxın münasibət saxlayırdı, onların iş və həyat şəraitlərinin yaxşılaşdırılması yönümündə çalışırdı. Onu hər zaman həm mətbuat işçiləri, həm də xalq olaraq qədirbilənliklə yad edəcəyik".
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Heydər Əliyevin müxtəlif sahələrdə iş və fəaliyyətini təhlil edərək özümüz üçün yol xəritəsi etmişik: "Onun ideyaları daim yaşayır və aktuallığını itirmir".
Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, Heydər Əliyevin mətbuatın dostu idi: "O, 1998-ci ildə 100 ildən artıq Azərbaycanda mövcud olmuş senzuranı ləğv etdi və məmur-mətbuat qarşıdurmasında hər zaman mətbuatın tərəfində oldu".
"Heydər Əliyev Azərbaycandır" filminin rejissoru Fariz Əhmədov filmlə bağlı ətraflı məlumat verib.
Bildirib ki, filmi 7 ay ərzində çəkilib: "Çəkiliş müddətində Heydər Əliyevin adı ilə bağlı bütün yerləri gəzdik və əmin olduq ki, Azərbaycan onun şah əsəridir".
Çıxışlardan sonra konfransda "Heydər Əliyev Azərbaycandır" filmi nümayiş olunub.