28 dekabr “Vəkil Günü” peşə bayramı ərəfəsində Vəkillər Kollegiyasının təntənəli tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, həmçinin, mərasimdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Səmərəli əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.
Tədbirdə VK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış “Libertas” komandası təltif ediliblər.
Daha sonra mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.
Daha sonra, vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edib, vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.
2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan Respublikasının Vəkillər Kollegiyası “İlin vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev “İlin vəkili”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Kredo” Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan olunub.