22 Yanvar 2015 11:26
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödənişli qəbul planı təhsil müəssisələrinin özünə həvalə olunacaq

Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq edilib.

Fəaliyyət Planının müvafiq bəndində göstərilir ki, Nazirlər Kabineti 2015-2016-ci illərdə mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini təmin etməlidir. Dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmi hazırlanmalıdır.

Bundan başqa, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildən başlayaraq mütəmadi olaraq ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmi tətbiq etməlidir.

Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti ilə birgə 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ-hüquqi bazasının hazırlanmasını təmin etməlidir.

"Ödənişli qəbulda yerlər çox vaxt dolmur"

Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri Əjdər Ağayev bildirir ki, ödənişli qəbul planının ləğvi deyəndə, əslində, ödənişli qəbulun universitet və kolleclərə həvalə olunmasından söhbət gedir: "İndiyədək hər bir ali məktəbə yerləri konkret olaraq dövlət müəyyənləşdirirdi. Filan ali məktəb üçün 25 ödənişsiz, 25 ödənişli yer təyin olunurdu. Bundan sonra isə ödənişli yerləri hər universitet və ya kollec özü müəyyənləşdirəcək. Əslində, bu, ali və orta ixtisas məktəbləri üçün daha sərfəlidir. Çünki ali məktəblərlə əməkdaşlıq edən şəxs olaraq deyə bilərəm ki, ödənişli yerlərə qoyulan plan çox hallarda dolmur. Bundan sonra bu məsələ ali və orta ixtisas məktəbinin öz öhdəsinə veriləcək. Onlar ixtisaslar üzrə pullu təhsilə nə qədər istəsələr, yer təyin edə biləcəklər".

Universitetlər rəqabətə hazır olmalıdır

Əjdər Ağayev sənədlə bağlı bir proqnozunu da bölüşdü. Bildirdi ki, ödənişli qəbulu hər universitet özü müəyyənləşdirsə, bu məsələ TQDK-nın nəzarətindən çıxacaq: "Amma hər universitet ödənişli qəbulu arzusuna uyğun aparmaq üçün fəaliyyətini təbliğ etməli olacaq. Bunun üçün universitetlərin kadr hazırlığı yüksəlməlidir ki, sağlam rəqabət mühiti ortaya çıxsın.

Azərbaycanda çox adam ali təhsil almaq istəyir. Yəni bu istək universitetlərə imkan yaradır ki, qəbul planını artırsın. Amma təhsil müəssisəsinin rəhbəri ödənişlərdən gələn gəliri maddi-texniki bazanın, kadr hazırlığının yüksəlməsinə sərf etsə, bunun faydası olacaq".

TQDK-nın tələbə qəbulu funksiyası dayana bilər

Bəzi təhsil ekspertləri, ümumiyyətlə, ali məktəblərə muxtariyyət verilməsini və bütövlükdə qəbulun ali məktəblərə həvalə olunmasını təklif edir.


Əjdər Ağayev hesab edir ki, müzakirə olunan mövzu gələcəkdə ali məktəblərə muxtariyyət verilməsinə zəmin yaradır: "Fəaliyyət Planında bu məsələyə birbaşa toxunulmayıb. Sənəddə qəbulun hansı formada olması barədə də konkret heç nə göstərilməyib, amma bildirilib ki, bununla əlaqədar mexanizm hazırlanmalıdır. Mexanizm necə olacaq, onu da gələcək göstərər. Ola bilər, qəbulu hər universitet özü aparar, onda TQDK-nın bu istiqamətdə funksiyası dayanmış olacaq".

Əvvəlki say 7 idi...

ATŞ sədri dedi ki, artıq neçə illərdi 7 ali məktəbə, o cümlədən Bakı Dövlət Universiteti, Neft Akademiyasına muxtariyyət verilib. Həmin ali məktəblər kadr potensialını özləri seçir, dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq əlavə maddi-texniki bazanı özləri müəyyən edə bilirlər: "Sənəddə göstərilib ki, bütün təhsil müəssisələrinə muxtariyyət veriləcək, amma bu, o demək deyil ki, muxtariyyət anarxiya yaradacaq.

Əvvəl müəllimin bir ali məktəbdən digərinə keçməsini gərək nazirlik müəyyənləşdirəydi. Muxtariyyət verildikdən sonra isə müəllimi məktəb özü götürəcək, bu cür xırda işlər var ki, bunlar hər bir məktəbin özünə həvalə olunacaq, bu isə nazirliyin əlavə yükünü azaldacaq.

Bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək. Məsələn, məktəblərə muxtariyyət verildikdə müəssisə rəhbərlərinin idarəetmə bacarığı ilə yanaşı, vicdanı da olmalıdır. Yəni təhsil strategiyası kimi mühüm, ciddi və çoxşaxəli bir sənədin həyata keçirilməsinə cəmiyyətin səviyyəsi çatmalıdır".

Hər universitet prestijinə uyğun qəbul aparacaq

25 il təhsilin müxtəlif sahələrində işləyən Nadir İsrafilov da təhsil strategiyasında nəzərdə tutulanları, o cümlədən məktəblərin muxtariyyəti məsələsini təqdir edir. Amma təhsil eksperti hesab edir ki, sənəddə nəzərdə tutulduğu kimi təhsilin hər sahəsi üzrə konkret mexanizmlər hazırlanmalı və bu mexanizmlər aydın dildə, birmənalı ifadə olunmalıdır: "Beynəlxalq təhsil sisteminə inteqrasiya ilə bağlı Təhsil Nazirliyi müsbət addımlar atmağa çalışır. Bu cəhdlər təqdirəlayiqdir. Hazırda nazirlikdə menecerlik fəaliyyəti üzrə güclü kadr potensialı var. Amma tək bununla iş bitmir.

Fikrimcə, bu sistemdə təhsil sənədlərini tərtibatında fikrin aydın verilməsi üçün Azərbaycan türkcəsini və təhsili mükəmməl bilən kadrlar olmalıdır. Burada "yanlış da bir naxışdır" ifadəsi keçərli deyil. Elə sözügedən mövzu ilə bağlı çox saytlar yazıb ki, ödənişli təhsil ləğv olunacaq. Cəmiyyətdə çaşqınlıq yaranır. Halbuki ödənişli təhsil ləğv olunmur, əksinə, hər ali məktəb istədiyi qədər qəbul planı müəyyənləşdirə bilər. Mülkiyyət formasından asılı olmayaraq hər universitet prestijinə, kadr hazırlığına uyğun qəbul aparmalı olacaq".

Fəaliyyət planında təhsil məsələlərinin konturları müəyyənləşib

Təhsil ekspertinin fikrincə, Fəaliyyət Planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi uzun zaman tələb edir: "Əslində, təhsil strategiyası qəbul olunduqdan sonra 5 ay müddətinə Fəaliyyət Planı hazırlanmalı idi. Sənəddə məsələnin konturları müəyyənləşib. Orda elə müddəalar var 2016-cı ildə, elələri də var 2018-ci və ya 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Təhsil strategiyası, ümumiyyətlə, çox böyük miqyaslı məsələləri qarşıya qoyub. Həmin məsələlərin hər birinə aid xüsusi qərarlar, qanunvericilik bazası ərsəyə gətirilməli, mexanizm yaradılmalıdır. Hələlik başlanğıcdayıq..."

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər