Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 5-də Adananın işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib.
Teleqraf.com xəbər verir ki, Adananın düşmən işğalından azad edilməsinin 102-ci ildönümü şəhərdə təşkil olunan proqramlarla qeyd olunub.
Azərbaycan qazilərinin də qatıldığı tədbirdə Atatürkün abidəsi önünə əklil qoyulub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Türkiyənin Dövlət Himni oxunduqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın təbriki səsləndirilib.
Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar çıxışında Adanada başlayan azadlıq mübarizəsi nəticəsində işğalçı fransızların sülh istəmək məcburiyyətində qaldıqlarını bildirib: “Bu Vətən üçün çox qan tökülüb. Ona görə də Mustafa Kamal Atatürkə, onun silahdaşlarına, bu ölkəni düşməndən xilas edən əcdadlarımıza hər zaman minnətdar olmalıyıq və onları heç vaxt unutmamalıyıq”.
Tədbirdə Jandarma Baş Komandanlığının Jandarma Mərasim Şirkəti komandanlığı tərəfindən “Tüfəng Hərəkətləri” şousu, Jandarma Baş Komandanlığına bağlı Jandarma Korpusu isə konsert proqramı ilə çıxış edib.
Vətən müharibəsi iştirakçıları sonra Adana Böyükşəhər Bələdiyyə başçısı Zeydan Karalar ilə görüşüblər.
Bələdiyyə başçısı Azərbaycandan gələn qonaqları görməyinə şad olduğunu bildirib, bu cür görüşlərin keçirilməsinin əhəmiyyətinə toxunub. Qazilərin sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən işlərin önəmini vurğulayıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və qazilərin də mənzillə təminatına başlanıb, onlar mənzil və fərdi evlə təmin edilib.
Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsində əlil olanların əksəriyyəti yüksək texnologiyalı protezlərlə təmin olunub. On mindən çox qazi və şəhid ailəsi məşğulluq proqramlarına cəlb edilib, onlara avtomobil verilib.
Emin Həsənli əlavə edib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır: “Hər iki dövlət öz tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstəyini əsirgəməyib. Vətən müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, əgər hər hansı müdaxilə olacaqsa, biz Azərbaycanın yanındayıq”.