Rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməli, bir çox lüzumsuz funksiyalar ləğv edilməlidir, bələdiyyələrin rolu gücləndirilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert ölkədə inzibati-ərazi bölgüsündə köklü islahatların aparılmasının zəruri olduğunu bildirib:
“İki saat yarımdan çox davam edən müsahibə zamanı ortaya çıxan əsas mesaj gələcək milli ideya ilə bağlı geniş ictimai dialoqun başlanması ilə bağlı Azərbaycan dövlət başçısının geniş ictimai müraciəti oldu.
Öz sahəsində hər bir mütəxəssis ölkənin yeni imicinə dair öz baxışını təklif edə bilər. Mən diqqəti inzibati-ərazi bölgüsündə köklü islahatların aparılmasının zəruriliyinə yönəltmək istədim. Elə bir vəziyyət yaranıb ki, tarixi-coğrafi ənənələrə uyğun olaraq ölkənin regional bölgüsünə keçmək zərurəti yaranıb. Əlbəttə, ərazilərin iqtisadi profili və məskunlaşma xarakteri nəzərə alınmaqla.
Azərbaycan unitar dövlət olaraq qalmalıdır, amma bölgələr üzrə inzibati bölgü aparmaqla: Bakı, Gəncəbasar, Şirvan, Qarabağ, Şərqi Zəngəzur və s. Rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməli, bir çox lüzumsuz funksiyalar ləğv edilməlidir. Bələdiyyələrin əsas - baza ərazi qurumları kimi rolu gücləndirilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə gedən proseslərə baxanda hər şey buna doğru gedir”.