Son günlər dəyəri 20 min manatdan artıq dəyəri olan ev, mənzil, bağ sahəsi alanda notariuslarda deklarasiya tələb edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlara görə, sənədləşmə zamanı pulun mənbəyi mütləq şəkildə göstərilməlidir.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan əmlak sektoru üzrə mütəxəssis Ramil Osmanlı deyib ki, notariat kontorlarına rəsmi heç bir göstəriş, sənəd göndərilməyib.
Onun sözlərinə görə, sadəcə şifahi qaydada müəyyən anket məlumatlarının toplanması göstərişi verilib: “Burada deklarasiyadan söhbət gedə bilməz. Çünki bunun qaydası da təsdiq olunmayıb. Vətəndaşın belə bir sənəd təqdim etmək imkanları ya məhduddur, ya da onun təqdim edəcəyi məlumat dəqiq olmayacaq. Bir çox özəl idarə və müəssislərdə rəsmi maaş göstəricləri real məbləğdən aşağıdır. Bir çoxlarının, məsələn, günəmuzd işləyən vətəndaşların məvacibi ümumiyyətlə rəsmiləşdirilmir”.
Ekspertin fikrincə, indiki halda alqı-satqı prosesində pulun mənbəyini tələb edən qərar yoxdur: “Belə qərar qəbul olunsa, daşınmaz əmlak bazarında xoşgəlməz vəziyyət yaranacaq”.