Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsininin inzibati binasında Lənkəran, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Bu barədə Teleqraf.com-a Agentlikdən bildirilib.
Məlumata görə, Z.Mikayılov vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbulda edilən müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, mühafizə bəndlərinin tikilməsi və təmiri, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.