“Azərbaycanın güneyi” layihəsində beşinci yazımız Azərbaycan Cümhuriyyəti Parlamentində Zəngəzuru təmsil edən Məhəmmədsadıq Aranın 1946-cı ildə qələmə aldığı “Bədbəxt Azərbaycan məsələsi” məqaləsidir. Türkiyədə “Şərq yolu” qəzetində dərc olunan bu məqalə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin süqutundan sonrakı vəziyyətlə bağlıdır. M. Aran haqlı olaraq Təbrizdə və çevrəsində bir Azərbaycan hərəkatının olduğunu vurğulayıb, şəxslərin deyil, istiqlal mübarizəsinin əsas olduğunu bildirib.
Məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Məhəmmədsadıq Aran
Bədbəxt Azərbaycan məsələsi
5 milyonluq xalis türk kütləsinin əzəli yurdu olan talehsiz Güney Azərbaycan ölkəsi İkinci Cihan hərbi başlayandan bəri ehtiraslı qırmızı-qara damğalı imperialist dövlətlərin yaratdıqları siyasi və əsgəri faciələrə səhnə olmuşdur. Heç bir suçu və qəbahəti olmayan bu bədbəxt Azərbaycan hərbin ilk dövründə qırmızı Rusiya, İngiltərə və Pəhləvi fars hökumətinin üçlü anlaşması gərəyincə Sovet Rusiyasının işğal və istilasına buraxılmışdır. O gündən bəri bu kimsəsiz və himayəsiz diyar dünya siyasət çevrələrini məşğul edən bir mövzu halında ortaya çıxmış və bütün dünyada zahirən də olsa qanlı səhnələr bitdiyi halda burada iç üzünü heç kimsənin təqdir edə bilməyəcəyi qanlı dramlar indi də oynanılmaqdadır.
Vəziyyəti izah edə bilmək üçün bu bölgənin əski və yeni keçmişinə qısaca göz gəzdirmək oxuculara faydalı olacaqdır. Bu gün dünya ictimai rəyi və siyasət adamlarını əndişəyə salan, hər gün dünya mətbuat və radiolarını məşğul edən Təbriz şəhəri və çevrələri – digər adı ilə Güney Azərbaycanda təmiz beş milyon xalis türk yaşamaqdadır. Ərazisi 10400 kv. km-dir və Türkiyənin şərq sərhədlərinə bitişikdir. Çox əski və şərəfli bir tarixə malik, bu günə qədər ölümsüz mədəni əsərləri bağrında daşıyan bu ölkə islamiyyətdən əvvəl və ondan sonra orada müstəqil hökumətlər quran Azərbaycan eyni zamanda bütün İranı da təsiri və hakimiyyəti altına alaraq oranı da digər yad istilaçılardan qurtarmışdır.
Qacar Türk sülaləsi İranda səltənət və idarəçiliyi ələ aldıqdan sonra onların zamanında – 1828-ci il tarixində ruslarla baş verən savaşlardan sonra bağlanan Türkmənçay andlaşması gərəyincə Azərbaycan Quzey (Qafqaz) və Güney (İran Azərbaycanı) adı ilə Rusiya ilə İran arasında iki parçaya bölünmək fəlakətinə məruz qalmışdır. Bu faciədən sonra Azərbaycan istiqlaliyyətini qeyb etsə də, zaman-zaman özünü qurtarmaq üçün həmlələr etmiş, fəqət haqlarına qovuşmayaraq bir tərəfdən ən ibtidai dərəbəylik nümunəsi olan İran fars idarəçiliyinin, digər tərəfdən də dünyada bir istibdad və zülm örnəyi olan rus çarlığının təhdidi və nüfuzu altında yaşamağa məcbur tutularaq varlığından hər gün bir az daha qeyb etməyə məhkum bütün insani, mədəni, milli haqlarından məhrum vəziyyətə salınmışdır. Fəqət türklük cövhəri məhv olmayan bu təmiz qanlı 5 milyonluq türk xalqı bu ağır və ikitərəfli düşmən təzyiqi altında əzilməyərək 20-ci əsrin başlarından bəri özlərini bu pis vəziyyətdən qurtarmaq üçün üç dəfə böyük həmlələr etmişlər. 1907-ci ildə Təbrizdə başlayan hürriyyət və qurtuluş hərəkatları sonunda məşhur azərbaycanlı mücahid Səttar xanın öndərliyi ilə bütün İrana sirayət etmiş və nəticədə İranda məşrutiyyət idarəçiliyi qurularaq əyalətlərə də muxtariyyət (məhəlli məclislər) haqqı tanınmışdı. O tarixlərdə yenə rus çarlığı ilə İran farslıq idarəçiliyi bu milli hürriyyət hərəkatını boğmaq üçün əlbirliyi etmişdilər. Təbriz mücahidlərinin qanları bahasına alınmış milli, mədəni haqlar qısa zaman yaşaya bildi. Rus çar orduları “rus maraqlarını qorumaq (!)” bəhanəsilə Güney Azərbaycan şəhərlərindən: Təbriz, Marağa, Xoy, Urmiyə, Salmas, Mərənd, Əhər, Ərdəbil, Miyana, Savucbulaq və sairi işğal altına alaraq özlərinə nüfus bölgəsi etdilər.
1914-cü ildə Birinci Dünya hərbi başladığı zaman rus ordularının işğalı altında olan Güney Azərbaycan şəhərləri rusların və onların himayəsindəki erməni dəstələrinin hərəkət bazası halına gətirildi. Bura ardı-arası kəsilməyən hərbin qanlı faciələrinə səhnə oldu. Bu əsnada Təbriz mücahidləri geri çəkilmədilər. İttihad və Tərəqqi qrupu ilə anlaşaraq mücadiləyə atıldılar. Nəhayət, hərb bitdi. Quzey Azərbaycan istiqlaliyyətini elan etdi. Güney Azərbaycandakı milli qurtuluş hərəkatı bəzi xarici səbəblər üzündən bir az gecikməklə yanaşı, nəhayət, 1920-ci ildə təbrizli böyük milliyyətçi Şeyx Məhəmməd Xiyabaninin öndərliyi ilə Azadıstan Cümhuriyyəti quruldu. Bu hərəkat da 9 ay ayaqda qala bildi. Sonunda Tehran hökumətinin hiyləsilə mücahidlər alçaqca öldürülərək bu milli qurtuluş hərəkatı da söndürüldü və yerinə farslığın çürük, ibtidai qara müstəbid idarəçiliyi quruldu.
1924-cü ildə əski çar Rusiyasının Kazak alayına mənsub olan Rza Pəhləvi İrandakı Qacar idarəçilyinin boşluğundan istifadə edərək iş başına keçdi, sonra da fürsətdən faydalanaraq özünü şahənşah elan etdikdən sonra Təbriz türklərinə qarşı ağla və xəyala gəlməyən şiddət göstərdi. Bu 5 milyonluq türk xalqını əzmək, məhv etmək, milliyyətlərini unutdurmaq üçün əlindən gələni etdi. Milli, mədəni, insani haqlardan məhrum olan Təbriz türkləri Rza şah Pəhləvinin 1941-ci ilə qədər ən insafsız bir istibdad zənciri ilə bağlı qaldılar. Aralarındakı şüurlu milliyyətçi zabitlər, zində Türk gəncləri mərhəmətsizcə məhv edilirdilər. Bədbəxt Azərbaycan xalqının qanını və canını əsirgəmədiyi İran-fars hökumətindən aldığı mükafat bu idi. İdari, siyasi, iqtisadi və mədəni tədbirlərlə məhv olmağa məhkum, hər növ haqdan məhrumdu. Tam bu əsnada devrilmiş şah Rza Pəhləvi taxtını, tasını, nəslini qurtarmaq qayğısı ilə Sovet Rusiya və İngiltərə hökumətinin də əsgəri-siyasi ehtiraslarına uyğun olaraq (hər üçü aralarında anlaşdıqları üçün) Tehran-fars hökuməti qapılarını açır, zavallı Azərbaycanı qurbanlıq qoyun kimi ruslara təslim edilincə Təbriz xalqı qanlı üsyanlar çıxarır. Fəqət kimsədən yardım və dəstək tapmayınca müqəddərata boyun əymək məcburiyyətində qalır.
Hər dəfəsində müdafiəsiz qalan Təbriz türkləri bu səfər öz milli haqlarına qovuşmaq fikrini izhar edincə dəvətsiz müsafir olan rusların da siyasətlərinə uyğun görüldüyündən Sovet Rusiyası da bunu dəstəkləməklə öz nüfuzuna tabe adamları iş başına gətirərək oradakı əski çarlıq Rusiyası politikasını gücləndirməyə fürsət tapdı. Yerli milliyyətçilər bu dəstəyi rədd etmədilər. Çünki iki düşməndən birisi az-çox “haqşinas (!)” görünürdü.
Təbrizdə bu milli muxtariyyət hərəkatı başladığı zaman Tehran-Fars hökuməti əski zülmlərini anlamaq zəkasını göstərərk İran çərçivəsi daxilində azərbaycanlılara milli bir haqq tanımış olsaydı, təbrizlilər o qırmızı ələ sarılmazdılar. Bu xüsusda ingilis xarici işlər naziri Mr. Bevin də vaxtilə bəzi eyhamlar etmişdi. Fəqət kor bir istibdad ruhu ilə ayağını dirəyən fars hökuməti yumşalmadı və bugünkü durumun ortaya çıxmasına səbəb oldu.
Təbiidir ki, Sovet Rusiyası oraya pəncəsini uzatmış və qarmağını atmışdır. Hələlik oranı oxşamaqdadır. Dünyanı aldadıb oraya tamamilə yerləşincə edəcəyi ilk iş oranı da Quzey Azərbaycanın vəziyyətinə soxmaq olacaqdır. Quzey Azərbaycan 1918-ci ilin mayında istiqlalını elan etdikdən sonra böyüklü-kiçikli Avropa dövlətləri tərəfindən istiqlalı tanınmışdı. Fəqət Sovet Rusiyası 1920-də verdiyi sözü tutmayaraq oranı işğal və istila etdi.
İndi bu sıralarda fars qara istibdad qüvvətləri də Təbrizə soxulmaq fürsətini taparlarsa, oranı da əskisindən daha betər bir şəkildə təxrib edəcəkləri gerçəkdir...
Bizim burada müdafiə etdiyimiz cəhət Pişəvərilər və ya başqa hər hansı rusofil şəxslər deyildir. Bunlardan əvvəlki qurtuluş olaylarını yuxarıda qeyd etdik. Bizcə, əsil olan davanın özü və mahiyyətidir. Bir Azərbaycan davası vardır. Bu dava haqq və həqiqətin ta özüdür. Bütün dünya millətlərinin haqqı təslim edilərsə, 10 milyonluq Azərbaycan məsələsi də həll edilməlidir. Fəqət bu gün bu “tilsim”in tərəfdarı yoxdur, təəssüf ki!
Ah, bədbəxt Azərbaycan!
“Şərq yolu” qəzeti, sayı 2, 13 dekabr 1946