13 Yanvar 12:51
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsi beynəlxalq aləmdə böyük rezonans yaradıb. Dövlətimizin başçısı iki saat yarımlıq müsahibəsində həm də anti-Azərbaycan qüvvələrə ciddi mesaj verdi. Ölkəmizdə iqtisadi, sosial, mədəni sahələrdə baş verən dəyişikliklər, xarici siyasətdə qazanılan uğurlar, Azərbaycanın qələbədən-qələbəyə getməsi, sürətli inkişaf düzgün müəyyənləşdirilmiş siyasi kursun bariz nümunəsidir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma, tikinti-bərpa işləri barəsində verilən məlumatlar dünya ictimaiyyətini heyrətləndirməyə bilməzdi. Müharibədən çıxan bir ölkənin belə genişmiqyaslı, mürəkkəb relyefə malik ərazilərdə tikinti-bərpa işlərini sürətləndirməsi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb. Ümumiyyətlə, dövlətimizin başçısı il ərzində bir neçə dəfə ölkədə baş verən məsələlər barəsində ictimaiyyəti məlumatlandırır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi hazırda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlətimizin başçısı son 20 ilin tarixini bir daha xatırlatdı. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın Heydər Əliyev siyasi kursunu seçməkdə düzgün seçim etdiyini bildirdi. Həmin vaxtdan başlayaraq Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, xalqımız, dövlətimiz çox ciddi bəlalarla, faciələrlə üzləşə bilərdi. Həmin vaxtdan başlayaraq həyata keçirilən düzgün müəyyənləşdirilmiş siyasi kurs əyani şəkildə göstərdi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil dövlət çox ciddi təhlükələrlə üzləşə bilərdi. Bu uğurların əsas bünövrəsi təbii ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Dövlətimizin başçısı qeyd etdi ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Ç.Qənizadə dövlətimizin başçısının jurnalistlərə verdiyi cavabdan bəzi məqamları xatırladaraq deyib ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Müasir tariximizin yeni dövrü məhz ötən il sentyabrın 20-dən sonra başlayır. Həmin vaxta qədər getdiyimiz yol məqsədyönlü yol idi. İstər siyasi-hərbi müstəvidə, istərsə də ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin olunması bütün işlərimizin son nidası idi: “Azərbaycan özünü dünyaya tam suveren, ərazi bütövlüyü bərpa olunan ölkə kimi təqdim etdi. Təbii ki, bu uğurlarımızı həzm edə bilməyən dövlətlər də var. Qərbin və Avropanın bəzi ermənipərəst dövlətlərinin ölkəmizin əleyhinə kampaniyaya başlaması Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Prezident müsahibəsində Ermənistanı silahlandıran, sülh müqaviləsini imzalamaqdan yayındıran həmin qüvvələrə öz sözünü bir daha çatdırdı. Açıq şəkildə bildirdi ki, Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır. Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Dövlətimizin başçısı beynəlxalq aləmin əsas oyunçularının bizim bu fikrimizə şərik olmamasından, ölkəmizi ittiham etməsindən, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışmalarından təəssüfünü bildirdi. Ancaq həmin qərəzli dövlətlər unutmamalıdırlar ki, ölkəmiz ədaləti, tarixi Qələbəni beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə edib. Ona görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri dövlət başçısının Fransa haqqında dediklərini xatırladaraq bildirib ki, Fransa ilə münasibətlərin gərginləşməsi İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə zəng edir, baş verənlərə öz münasibətini bildirir və ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyurdu. Milyonlarla insan bir daha Fransanın iç üzünə bələd oldu. Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. Fransa daim işğalçının yanında oldu. Bu da təbiidir. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir.

Hüquq müdafiəçisi daha bir yaddaqalan məqamı xatırladaraq deyib ki, dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi dövründə ən çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar apardığını bildirdi: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Prezidentin Zəngəzur dəhlizinin açılmasının önəmi barədə fikri də xüsusi qeyd olunmalıdır. Dövlətimizin başçısının bu barədə səsləndirdiyi fikir dünyanın aparıcı medialarında da öz əksini tapıb. Prezident deyib: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”.

Ç.Qənizadə deyib ki, dövlətimizin başçısı son illər ölkəmizin dünya birliyində artan nüfuzundan, Azərbaycanın Avropanın enerji təminatında əsas ölkələrdən biri olmasından, bizə qarşı olan ədalətsizlikdən və xalqın birliyindən, həmrəyliyindən də söhbət açıb. Bir daha bəyan edib ki, əsas güc mənbəyimiz cəmiyyətin və xalqın birliyindədir. Bu birlik olmasaydı, biz heç vaxt müharibədə qalib gələ bilməzdik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər