Paytaxt Bakıda və regionlarda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sərnişin və yüklərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasını, eləcə də qatarların hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən zəruri tədbirlər həyata keçirilir.
ADY-dən Teleqraf.com-a verilən xəbərə görə, hazırda sərnişin qatarları qrafik üzrə hərəkət edir, yüklərin sərhəddə qəbulu, daşınması və çeşidlənməsi prosesi həyata keçirilir.
ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.
Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.
Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.