Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakının Əmircan və Bülbülə qəsəbələrinin sakinləri arasında ötən ilin dekabrından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyi (sarılıq) yayıldığı barədə açıqlama yayılıb. Xəstəliyin yayılmasına qarşı tədbirlər görüldüyü bildirilib.
Sarılıq xəstəliyi necə yayılır və insanlar ondan özünü necə qorumalıdır?
Məsələ ilə bağlı Teleqraf.com-a danışan professor Adil Qeybulla bildirib ki, yoluxucu virus hava-damcı yolu ilə insandan-insana keçir:
"İnfeksiya üzü, göz dibini sarıya boyadığına görə o, sarılıq adlanır. Hepatitlərin digər növü B, C, D, E əmələ gəlməzdən qabaq Hepatit A virusu, yəni infeksion sarılıq zaman-zaman insanlar arasında yayılır. Hepatit B, C, D, E hamısı A-nın forma dəyişikliyidir.
Kimyəvi tərkibində olan dəyişiklik başqa bir situasiyaya gətirib çıxarıb. Hepatit A-nın vaksini var. İnsanlara da tövsiyə olunur ki, fərdi olaraq vaksin vurdursunlar. Hətta Hepatit "B" və "A"nın müştərək vaksini də var. Digər tərəfdən Hepatit A qaraciyəri zədələyən virusdur. Xəstəliyə ciddi yanaşmaq lazımdır. Xəstə müalicə olunana qədər yataq rejimində olmalıdır. Qara ciyərə yük olacaq yağlı, ədviyyatlı qidalardan çəkinmək lazımdır. Ən əsası xəstə uşaqlara tövsiyə etmək lazımdır ki, məktəbə getməsinlər, evdə müalicə olunsunlar".
Həkimin sözlərinə görə, maska taxmaq, məsafə gözləmək, əllərin gigiyenasına diqqət etmək bu xəstəliyin yayılmasının qarşısını almaqda ciddi şərtdir.