23 Yanvar 2015 09:50
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda səfərdə olan Demokratiya Naminə Avropa Fondunun Dostları (EFD) təşkilatının nümayəndələri ilə görüş keçirilib. QMİ-dən verilən məlumata görə, görüşdən öncə Təzəpir məscidini ziyarət edən qonaqlara bu dini abidənin tarixi, ölkənin ictimai həyatındakı rolu barədə geniş məlumat verilib.

EFD təşkilatının nümayəndələrini qəbul edən QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev idarənin yaranma tarixi, keçdiyi çətin yol və bugünkü fəaliyyəti barədə danışıb. Ölkədə din-dövlət münasibətləri, bu sahədə görülən işlər haqqında məlumat verən S.Musayev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaşların bütün hüquqları, o cümlədən, vicdan və etiqad azadlıqları qorunur. O, həm ümummilli lider Heydər Əliyevin, həm də bu gün ölkə Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri avropalı tədqiqatçıların diqqətinə çatdırıb. Azərbaycandakı tolerantlıq mühitinin bütün dünya ölkələri üçün nümunə olduğunu vurğulayan S.Musayev ölkədə yaşayan bütün ənənəvi dinlərin təmsilçiləri üçün dövlət tərəfindən bərabər şərait yaradıldığını deyib.

QMİ təmsilçisi Avropada fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının, siyasi qurumların Azərbaycandakı vəziyyət barədə həqiqətə uyğun olmayan məlumat yaydıqlarından təəssüfləndiyini bildirib, belə hesabatların qərəzli olduğunu söyləyib. Son günlər Avropanın müxtəlif ölkələrində baş verən hadisələrə toxunan müfti deyib ki, terror hadisələrini İslam dini ilə bağlamaq yanlış və təhlükəli meyldir, İslam sülh dini olduğundan terrorun hər bir növünü pisləyir. S.Musayevin sözlərinə görə, gələcəkdə belə hadisələrin qarşısını almaq üçün dövlət başçıları, siyasi xadimlər dini liderlərin fikirlərini öyrənməli, onların nüfuzundan istifadə etməlidirlər.

Demokratiya Naminə Avropa Fondunun Dostları təşkilatının icraçı direktoru Roberta Bonazzi, qurumun Avropa Birliyi işləri və strateji əlaqələr üzrə əməkdaşı Demir Murad Seyrek və tədqiqatçı Tommaso Virgili Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verib, keçirdikləri görüşlər və apardıqları araşdırmalar barədə danışıblar.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub və fikir mübadiləsi aparılıb.
QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də görüşdə iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər