21 Yanvar 08:35
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib.

Ölkəmizdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, şəxsi mülkiyyətin qorunması üzrə önəmli tədbirlər görülür.

Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Ədliyyə Nazirliyi tərəfindən müxtəlif ölkələrlə ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) sahəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir, eyni zamanda müvafiq müqavilə olmadığı təqdirdə qarşılıqlıq prinsipinə əsasən tədbirlər görülür.

Həmçinin paytaxtda və bölgələrdə beynəlxalq standartlara uyğun yeni penitensiar komplekslər inşa olunur. Ən yenisi isə yanvarın 16-da Lənkəranda istifadəyə verilib və dövlət başçısı penitensiar kompleksdə yaradılmış müasir şəraitlə tanış olub. Məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, onların saxlanma şəraitinin müasirləşdirilməsinə xidmət edən bu tədbirlərin nəticəsidir ki, ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edilir və bununla cəzanın labüdlüyü prinsipi təmin edilir.

Təkcə 2023-cü il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.

Bu gün isə daha bir nəfərin Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.

Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib.

S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər