Yanvarın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib. İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsinə start verildiyi diqqətə çatdırılıb. Seçkilərə “Qalib xalqın Qalib Lideri!” şüarı ilə gedən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyasının uğurla və mütəşəkkil qaydada davam etdirildiyi vurğulanıb.
Qeyd edilib ki, kampaniya çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxsaylı tədbirlərlə yanaşı, seçicilərlə, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirirlər.
İclasda seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti də müzakirə olunub, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilib. Eyni zamanda, qarşıda duran əsas hərəkət və tədbirlərin müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.