26 Yanvar 16:30
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində 6 nömrəli məktəb-liseydə II sinif şagirdini cinsi istismara təhrik edən VII sinif şagirdlərindən biri haqqında pedaqoji şura başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edib. Məlumata görə, qalan uşaqlarla bağlı da uyğun addım atılacaq.

Sosial mediada analoji halın 60 saylı məktəbdə də təkrarlandığı, oradan da iki məktəblinin uzaqlaşdırıldığı bildirilir.

Bu tip şagirdlərin məktəbdən uzaqlaşdırılması hadisəyə adekvat addım sayıla bilərmi? Bu, cəza növü sayılırmı, uşağın sonrakı taleyi necə olacaq?

Məsələ ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, pandemiyadan sonra məktəblərdə şagirdlər arasında münasibətlər xoşagəlməz məcraya yönəlib.

O bildirib ki, pandemiya dövründə onlayn dərslərdə iştirak etmək üçün şagirdlərə verilən telefon, planşet, kompüterlər onlara yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyaları əldə etmək imkanı verdi: “Bu gün müəllimlərimiz informasiya məsələlərində şagirdlərimizə uduzurlar. Şagirdlər müxtəlif sosial şəbəkə və platformalardan əldə etdikləri informasiyaları, xoşagəlməz videoları və bilikləri dərs prosesində tətbiq edir, hətta dərsin pozulmasına da səbəb olurlar. Onlar tənəffüs vaxtı və ya başqa imkan əldə etdikdə şagird yoldaşlarını internetdən mənimsədikləri zorakılığa məruz qoyurlar.

Hazırda məktəblərdə şagirdlər arasında zorakılıq hallarının sayında artım müşahidə edirik. Bu, çox ciddi məsələdir. Hesab edirəm ki, bu gün Azərbaycan məktəblisi informasiya imkanından düzgün yararlanmalıdır, bu işdə onu yönləndirən müəllimlər olmalıdır”.

Ekspert bildirib ki, son zamanlar məktəblərdə zorakılıq və təcavüz hallarının çoxalmasının bir neçə səbəbi var: "İlk növbədə məktəblərdə kamera nəzarətinin və ümumi nəzarətin zəif olduğunu vurğulamalıyıq. Məktəblərdəki kameralara valideynlərə nəzarət edə bilmir. Yalnız məktəb rəhbərliyi və yaxud bu işə cavabdeh şəxslər kameralara baxa bilir. Düşünürəm ki, izləməyə valideynlər də qoşulmalıdır. Bu zaman neqativ halların sayını azaltmaq mümkündür”.

Ekspert hesab edir ki, "Məktəbin dostu" layihəsinin əhatə dairəsi genişləndirməlidir: "Həmçinin məktəb direktoru, müavin, sinif rəhbərləri hər bir şagirdin psixoloji pasportunu hazırlamalıdırlar ki, hansı şagirdin zorakılığa, konfliktə meylliliyi diqqətdə saxlanılsın. Hansı şagirdlərdə fiziki-psixoloji pozuntular müşahidə olunursa, onları nəzarətdə sasxlamağa çalışmaq lazımdır”.

Kamran Əsədov düşünür ki, məktəblərdə ayda azı bir dəfə anonim şəkildə sorğu keçirilməlidir:

“Məsələn, məktəblilərdən soruşulmalıdır ki, sinif yoldaşınızdan fiziki zorakılıq hallarına şahid olmusunuzmu və yaxud kimdəsə kəsici-deşici alət görmüsünüzmü? Hər hansı bir şagirdin digərinə qarşı münasibətində pozuntu müşahidə etmisinizmi? Nəticə əsasında təhlillər aparıb qabaqlayıcı tədbir görmək olar.

Fikrimcə, məktəblərə nəzarətçi funksiyasında növbəlilik və növbəçilik prinsipi ilə valideynlər də cəlb olunmalıdır. Digər tərəfdən, maarifləndirmə işləri aparılmalıdır. Şagirdlərlə kommunikasiyanın qurulmasına diqqət etmək lazımdır. Burada valideyn məsuliyyəti də var”.

Kamran Əsədov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şagirdlərin bir sinifdən digərinə keçməsi və yaxud məktəb dəyişməsi qaydalarına əsasən heç bir halda şagirdin digər məktəbə qəbulu məhdudlaşdırıla bilməz:

“Təbii ki, istisna hallar var. Şagird yerdəyişməsi yalnız elektron portal vasitəsilə həyata keçirilir. Hər valideyn sy.edu.az portalında kabinet yaradır, orada birmənalı şəkildə övladının UTİS kodundan istifadə edərək, müraciətini formalaşdırır və məktəb üçün yerdəyişmə edir. Əgər yerdəyişmə etmək istədiyi məktəbdə sinif üzrə yer varsa, yerdəyişmə təsdiq olunur. Bir sıra məktəblər ərazi prinsipini əsas götürə bilərlər. Həmin məktəbin mikro ərazisində yaşayırsınızsa, elektron ərizə mütləq şəkildə cavablandırımalıdır.

Amma şagird kobud qayda pozuntusuna və yaxud hər hansı bir inzibati xəta törədibsə, icbari təhsil hüququ tanınır. Heç bir halda orta təhsil məktəblərində icbari təhsil qadağan edilə bilməz. Mütləq şəkildə şagirdlər 9-cu sinifə qədər oxumalıdır. 10-11-ci sinifdə məktəblərin müəyyən qədər şagirdi qəbul etməmək hüququ var. Lakin orada da şagirdlərin təhsil almaq hüququ təmin olunmalıdır. Şagirdin başqa bir məktəbə getməsi qanunvericiliklə məhdudlaşdırılmır”.

Ekspert vurğulayıb ki, şagirdin şəxsi vərəqəsində onun uğuru, davranışı, psixoloji durumu qeyd olunur: “Şagirdlə bağlı bütün informasiya orada əks olunur ki, gələcəkdə onun karyera yüksəlişində, məktəbi dəyişəndə və yaxud digər proseslər zamanı şagirdin hansı bilik və bacarıqları, hansı psixoloji duruma malik olması öyrənilsin.

Şagirdin qiymətləri, məktəbdaxili davranışı, cəmiyyətlə münasibəti, münaqişələri hər biri şəxsi vərəqdə qeyd olunur. Ali məktəblərə qəbul zamanı həmin şəxsi vərəq aparılmır. O vərəq məktəbin daxili informasiyasıdır və məktəbdə saxlanılır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər