28 Yanvar 11:29
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirətdə yaşamış azərbaycanlı ictimai-siyasi xadim, filoloq, mühərrir Əhməd Cəfəroğlu Anadoluya etdiyi səyahətlər zamanı Qars şəhərində bir neçə dəfə olub, səfər qeydlərini mətbuatda qələmə alıb.

1941-ci ildə onun “Çınaraltı” jurnalının 15-ci sayında “Anadolu səyahətləri qeydlərindən: Qars vilayəti” adlı məqaləsinin birinci hissəsi dərc olunub. Bir müddət sonra, 1942-ci ildə həmin jurnalın 36-cı sayında “Qars vilayəti 2: Əfşar əşirəti” adlı yazısı işıq üzü görüb. Cəfəroğlu bu səyahətlərində əldə etdiyi elmi nəticələrini 1942-ci ildə İstanbulda çap etdiyi “Doğu ellərimiz ağızlarından toplamalar, I. Qars, Ərzurum, Çoruh elbaylıqları ağızları” adlı kitabında bir araya gətirib.

“Çınaraltı” dərgisində çıxan məqaləsində Əhməd bəy Qars şəhəri haqqında bəzi təsbitlər irəli sürüb: “Qarsın əsl avtoxton əhalisi xaric vilayətin sakinlərinin ən mühüm qismini Azərbaycan türkləri təşkil etməkdədirlər. Bu çox böyük enerjiyə malik türk qövmü siyasi vəziyyətlərdən dolayı keçmişdən bəri Rusiya, İran və Türkiyə dövlətləri arasında bölüşdürülmüş və bu səbəbdən süni bir coğrafi təqsimata məruz qaldığından ətraflı şəkildə tədqiq edilməmişdir”.

Cəfəroğlu müxtəlif səbəblərdən Qarsa yerləşən türk boylarının adlarını bu şəkildə qeyd edib: Tərəkəmə, yaxud qarapapaq qəbiləsi; Çarıxçı, yaxud Dünbüllü qəbiləsi; Əfşarlar; Qaraqoyunlular; Ayrımlar; Bayatlar; Qacarlar; Muğan türkləri; Türkmənlər.

Əhməd bəy bu qəbilələrlə yanaşı 1920-ci ildə Rusiyanın Qafqazı işğal etməsindən sonra Azərbaycandan böyük xalq kütlələrinin Qarsa köç etdiyini bildirib. Cəfəroğlu yazısında tərəkəmə-qarapapaqlar və dünbüllülər haqqında önəmli bilgilər təqdim edib. Yazısının əfşarlarla bağlı ikinci qismində isə 1917-ci ilin yayında Azərbaycanın Zəngəzur qəzasının yaylaqlarında əfşar oymaqlarını gördüyündən bəhs edib.

Ehtimal ki, Əhməd Cəfəroğlu sonrakı illərdə də Qars vilayətində olub. Əldə etdiyimiz bir mənbədə onun vəfatından 6 il öncə də bu şəhərdə olduğunu öyrənirik. Belə ki, 1969-cu ildə Qars şəhərində folklorla bağlı bir toplantı keçirilib. Qars Xalq Təhsili Mərkəzində baş tutan “Qars folklorunun bugünkü məsələləri” adlı toplantında şəhərdəki Xalq Evinin sədri, həkim, folklorşünas irəvanlı Dr. Budak Demiral mühüm çıxış edib. Bu önəmli yığıncaqda həmin vaxt Qarsda olan Əhməd Cəfəroğlu, eləcə də həmyerlimiz Həsən Kartari və Rəfibəylilər nəslindən Gülçöhrə Askeran da iştirak ediblər.

Əhməd Cəfəroğlunun Qarsdakı çıxışı onunla bağlı tədqiqat əsərlərində, demək olar ki, öz əksini tapmayıb. Professorun nitqinin mətni Xalq Evinin nəşri olan “Kars Eli” jurnalında (sayı 61, avqust 1969) dərc edilib. Həmin mətn belədir:

“Bir təsadüf nəticəsində buradayam. Mən vətəndən 50 ildir ayrı düşmüşəm. Bunun ağrısını ara-sıra buralara etdiyim ziyarətlərlə ovutmağa çalışıram. Bu icmanın Qars folklorunu müzakirə etməsi olduqca yaxşıdır. Bura Türkiyənin digər bölgələrinə və yerlərinə nəsib olmayan bambaşqa bir xüsusiyyətə sahibdir. Yaşayışda, geyimdə, hətta daranmada da hüdud şəhəri olmasının təsirləri, həmçinin etnik təsirlər vardır.

Politik səbəblərdən dolayı bu belədir, o elədir deyilir, fəqət onların hamısı türkdür, onları ayırmaq insanlığa yaddır, şəxsi mənfəətlərə uyğun şeylərdir.

Təriqət ədəbiyyatının da özünə görə böyük qüvvəti və xalqın tərbiyəsində böyük rolu vardır.

Folklor tədqiqatları bütün dünya millətlərində hələ qundaqdadır. İlk olaraq Finlandiyada bir folklor kürsüsü ixdas edilmişdir. Ancaq müqayisəli folklor araşdırmalarına burada yaxın vaxtlarda girişilmişdir. Burada aparılan tədqiqatlar nəticəsində, məsələn, bir üzük haqqında cildlərlə əsər ortaya qoyulmuşdur. Göründüyü kimi folklor hələ bütün dünyada bu qədər gəncdir.

Hüdudda folklor araşdırması etmək digər şəhərlərə nəzərən daha çətindir. Hüdud şəhərlərinin bir-birinə, qonşuların təsiri böyükdür. Alış-verişlər, demək olar ki, hər hüdud şəhərində vardır.

Bir yığıncaq vəsiləsiylə məndən italyan mədəniyyətinin dəniz məmləkətlərindəki təsirini araşdırmağımı istədilər. Mən də balıq isimlərini təsbit etdim. Hər şəhərdə eyni balığa verilən ad ayrı-ayrıdır. Məsələn, Trabzonda balıq adı ayrı, Giresunda isə ayrıdır. Bütün millətlər öz kültür təsirlərini folklorda axtarırlar. Folklor ən çox bu məqamda özünü göstərir. Məsələn, buradakı kentvari adlanan oyun gürcülərdə də oynanılır. Bu, türkün milli rəqsidir. Həmin oyun türk xanımına məxsusdur. Gürcü bunu bizdən götürmüşdür. Ermənilərin musiqisi bizimdir.

Bir də dasniçors vardır. Biz buna on dörd deyirik. Onu erməni tapmışdır. Qarsın qonşu millətlərə verdiyi folklor kültürünü toplamaq lazımdır...

Atalar sözləri bir qanundur. Dədə-babalar danışarkən “ataların dediyi kimi” deyər və sonra sözə başlayarlar.

Orta oyunundan mən bir şey anlamaram. Çünki mən gəncəliyəm. Mən keçi oyunu olan yallını bilirəm. Halay buralarda yoxdur. İran, Azərbaycan və Qafqazın içində olduğu üçün Qarsın bütün toylarında qadınlar kişilərlə birlikdə oynayar. Fəqət orta Anadoluda bu yoxdur. Amma türkmənlərdə vardır. Bizim toylarda ana ilə ata mütləq oynayarlar, yoxsa o il qıtlıq olar. Ana-ata çox oynayarsa, o il bolluq olar.

Məmləkətin şəklinə görə folklor rəngini, qiyafətini və rəqsini dəyişdirir. Oyunların balet halında gəlişi folklorun hamısında və müxtəlif oyunlarda (məsələn, “Arşın mal alan”, “O olmasın, bu olsun” və sair) vardır.

Musiqi məsələsi də önəmlidir. Musiqi asan deyildir. Türk ordusunun zəfərini təmin edən türk musiqisidir. Qopuz girməyən ordu yoxdur. Bu, türk millətinin folklorik materialı və ordusunun dəyişməz ünsürüdür.

İslam ordusunun zəfər ünsürü olan qopuz Avropaya da aparılmışdır. Türk millətinin zəfərinin səbəbini qopuzda görən Avropa millətləri bunu mənimsəmişdir. Yenə Ukraynanın zəfərini təmin edən qopuzdur.

Qars folklorunun ən maraqlı yönü saz şairləridir. Türkiyənin heç bir yerində burada olduğu qədər çox sayda saz şairi yoxdur. Məsələn, amasiyalının aşığa və başqalarına təhəmmülü yoxdur.

Buradakı aşıqlar həm eşqi tərənnüm edər, həm də xalqı yaşadarlar. Buradakı tarixi faciələr, buradakı zülmlər və başqaları bizim saz şairlərində öz əksini tapmışdır. Eyni zamanda bizim saz şairləri digər türk ellərinin də istiqlallarını tərənnüm etmişlər.

Təkərləmələrdə Ənvər paşanın, Kazım Qarabəkirin havasını taparsınız. Bunlar hər şəhərdə ayrı-ayrıdır. Bu baxımdan təkərləmələrin də böyük təsiri vardır.

Müxtəlif şikayətlərimiz oldu. Kitabların böyük qismi Ankaradakı və Ərzurumdakı kitabxanalardadır. Burada da istənilərsə, kitabxana yaradıla bilər. Bunu dövlətdən istəməyə lüzum yoxdur. Folklorun toplanması ilə daha çox müəllimlər məşğul olmalıdırlar. Bir vəlinin istədiyini oğlu etməz, amma bir şagird müəlliminin hər istədiyini mütləq edər. Uşaq təhsilində və folklorun toplanmasında ən böyük amil müəllim, xüsusilə də kənd müəllimləridir”.

Ümid edirik ki, Əhməd Cəfəroğlunun bilinməyən bu nitqi həm onun bioqrafiyası, həm də folklorumuzun tədqiqatı baxımından faydalı olacaqdır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər