Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin 2023-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edən sədr müavini Gündüz İsmayılov bildirib ki, ötən il Komitədə 2 dini icma dövlət qeydiyyatından keçib.
Fəaliyyət göstərən 995 dini qurumdan 958-i İslam, 37-si (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2 ) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar 2 müraciətə müsbət cavab verilib.
Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir. 2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlərə diqqət çəkən Gündüz İsmayılov qeyd edib ki, 4,875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.
“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən görülmüş işlər barədə də məlumat verən sədr müavini ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfərin (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunduğunu, 179 nəfərin fəaliyyətinə xitam verildiyini, habelə 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerlərinin dəyişdirildiyini deyib.